PDF Oxu

Mədəniyyət

  • 1 207

30 aprel Beynəlxalq Caz Günü kimi qeyd ediləcək

30 aprel Beynəlxalq Caz Günü kimi qeyd ediləcək

Paris, Yeni Orlean, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi YUNESKO ilə birlikdə aprelin 30-nu Beynəlxalq Caz Günü kimi qeyd etməyə hazırlaşırlar. Dünyanın beş qitəsinin musiqiçiləri və caz həvəskarları ilk dəfə olaraq həmin günü əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edəcəklər. Keçən ilin sonlarında YUNESKO-nun Baş Konfransı caz musiqisinin xüsusi rolunu nəzərə alaraq, hər il aprelin 30-nun Beynəlxalq Caz Günü kimi qeyd edilməsini qərara almışdır. Caz günü ilə bağlı bayram tədbirlərinə aprelin 27-də YUNESKO-nun mənzil-iqamətgahında start veriləcəkdir. Həmin gün müxtəlif tədbirlərin keçirilməsi, məşhur caz ustaları ilə görüşlərin təşkili nəzərdə tutulmuşdur. YUNESKO-nun xoşməramlı səfiri Herbi Henkokun rəhbərliyi altında tanınmış caz ustalarından Toni Mari, Herold Kleyton, Manyu Koçe, Mişel El Malemin və digərləri maraqlı konsert proqramı ilə caz həvəskarları qarşısında çıxış edəcəklər. Aprelin 30-da cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert təşkil olunacaqdır. YUNESKO-nun baş direktoru İrina Bokova dünya mədəniyyətlərinin yaxınlaşmasında, müxtəlif qitələrin insanları arasında dostluq münasibətlərinin yaranmasında caz musiqisinin xüsusi rolunu vurğulamışdır. Baş direktor qeyd etmişdir ki, bu gün caz beynəlxalq incəsənət növüdür. Beynəlxalq Caz Günü mədəniyyətlərarası dialoqun inkişafına töhfəsini verməklə yanaşı, gender bərabərliyini və sosial dəyişikliklərdə gənclərin rolunun artmasını təmin edən bir vasitədir.

Digər xəbərlər