PDF Oxu

Mədəniyyət

  • 1 024

Azərbaycanlıların soyqırımı günü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq

Azərbaycanlıların soyqırımı günü dünyanın müxtəlif ölkələrində qeyd olunacaq

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dünyanın bir sıra ölkələrində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və digər Azərbaycan təşkilatlarının təşəbbüsü ilə keçiriləcək tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri və daşnak qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə fakt və sənədlərə əsaslanan məlumatlar veriləcək, soydaşlarımız dünya ictimaiyyətini bu cinayətə hüquqi qiymət verməyə səsləyəcəklər. 1918-ci il 31 mart soyqırımı qurbanlarının xatirəsi Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan, Qazaxıstanda yaşayan soydaşlarımız tərəfindən də yad ediləcəkdir.

Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Gürcüstan Azərbaycanlıları Konqresi və bir sıra gənclər təşkilatları tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bir neçə tədbir keçiriləcək. Tbilisi və regionlarda keçiriləcək tədbirlərdə gürcü və azərbaycanlı ziyalıların, gənclərin, dövlət məmurlarının və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub. Martın 31-də Qazaxıstanın Astana şəhərində "Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı"nın təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə rus, tatar, Ukrayna, Belarus, polyak, Koreya, alman, özbək, türk, mədəniyyət mərkəzlərinin rəhbərləri, görkəmli ictimai xadimlər, J.Jakupov adına Beynəlxalq Hüquq-müdafiə Mərkəzinin rəhbəri, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər səfirliklərin nümayəndələri, eləcə də, KİV təmsilçiləri iştirak edəcəklər. "Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı"nın prezidenti, tarix elmləri doktoru, professor Vidadi Salahov "1918-ci ildə "Daşnaksütyun" partiyasının rəhbərliyi və bolşevik hərbi birləşmələrinin dəstəyi ilə erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış soyqırımı" mövzusunda məruzə ilə çıxış edəcəkdir.

Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyaları tərəfindən də Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş anım mərasimləri keçiriləcəkdir. Tarixçi alimlərin, universitet müəllimlərinin iştirakı ilə İstanbul Türkiyə Azərbaycan Dərnəyi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycandan xüsusi dəvət olunmuş qonaqlar, o cümlədən, 1992-ci ildə erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri soyqırımı aktının canlı şahidi Xədicə Orucova da iştirak edəcəkdir. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyəti 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşəcək. Görüş zamanı kitabxanaya 31 mart hadisələrindən bəhs edən ərəb dilində kitablar, "Azərbaycan həqiqətləri 1917-1920-ci illərdə", AzərTAc tərəfindən 5 dildə yeni hazırlanmış "Xocalı XX əsrin soyqırımı" kitablarını və erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri əks etdirən çoxlu sayda sənəd, material və fotoşəkillər təqdim olunacaqdır.

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirləri, konfrans və dəyirmi masalar Avropanın bir sıra ölkələrində, o cümlədən, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Niderland və İsveçdə də keçiriləcəkdir. Martın 31-də Almaniyanın, eyni zamanda, bir neçə şəhərində müxtəlif aksiyalar keçirməklə soydaşlarımız soyqırımı qurbanlarının xatirəsini yad edəcək, ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə hüquqi qiymət verilməsinə səsləyəcəklər. Belə ki, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ölkənin rəsmi və qeyri- rəsmi qurumlarına, həmçinin, Azərbaycan və türk cəmiyyətlərinə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məktublar göndərəcək, daha sonra Berlində Brandenburq Qapıları qarşısında mitinq təşkil edəcəkdir.

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ABŞ və Kanadada keçiriləcəkdir. Los-Anceles şəhərində "Amerika-Azərbaycan Şurası", Hyustonda "Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası", Mayamidə "Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası", Vaşinqtonda USAN (Amerika Azərbaycanlıları Şəbəkəsi) tərəfindən keçiriləcək tədbirlərdə 1918-ci il hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən, Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kəndin xarabalığa çevrildiyi qeyd olunacaq.

Aprel ayının 1-də Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçiriləcək. Tədbirdə 1918-ci il 31 mart qırğınlarının dəhşətlərindən bəhs edən filmin nümayişi, foto-sərginin təşkili nəzərdə tutulub. Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin sədri İmaməddin Qasımov erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vandalizm aktları barədə ətraflı məlumat verəcəkdir. Bundan əlavə, aprelin 2-də Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən "Azərbaycanın səsi" radiosunda ingilis dilində "Türk və Azərbaycan soyqırımları" adlı verilişin yayımlanması nəzərdə tutulub.

ZÜMRÜD

Digər xəbərlər