İsveçin SVT telekanalında "Before ESC" ("Eurovision"dan əvvəl) verilişi start götürəcək
"Eurovision-2012" Mahnı Müsabiqəsinin vaxtı yaxınlaşdıqca gərginlik, həyəcan daha da artır. Dünya ölkələri bu yarışmanın təşkili, görülən işlərlə bağlı məlumatları mütəmadi olaraq diqqətdə saxlayır. Dünya mətbuatı, eləcə də, telekanallarda yayımlanan verilişlər Azərbaycanın şou ilə bağlı olan reallıqlarını özündə təcəssüm etdirir. Beynəlxalq mahiyyət daşıyan şou ilə bağlı İsrailin "Eurovision" Mahnı Müsabiqəsi üzrə televiziya kanalı İBA bu həftədən etibarən müsabiqəyə ev sahibliyi edəcək Azərbaycandan xüsusi reportajlar yayımlanmağa başlayır. Bazar günləri yayımlanacaq bu proqram "Good night Europe" adlanacaq. Veriliş may ayında keçiriləcək Eurovision Mahnı Müsabiqəsinə qədər davam edəcək və Azərbaycandan xüsusi reportajlar, müsabiqə hazırlıqlarını əhatə edəcək süjetlər nümayiş olunacaq. Eləcə də, İsrailin builki təmsilçisi "İzabo" qrupunun "Bakı Kristal Zalı"nda milyonlarla tamaşaçı qarşısında nümayiş etdirəcəyi şou haqqında da danışılacaq. Xatırladaq ki, "İzabo" qrupu "Time" mahnısı ilə mayın 22-də keçiriləcək birinci yarımfinalda çıxış edəcək.
Aprelin 16-dan etibarən isə İsveçin SVT telekanalında "Before ESC" ("Eurovision"dan əvvəl) verilişi start götürəcək. Verilişdə "Eurovision 2012"-də səslənəcək 42 mahnının hər biri dinləniləcək və həmin kompozisiyalar may ayının 1-dən 5-ə qədər bal sistemi ilə qiymətləndiriləcək. Maraqlı məqamlardan biri də odur ki, şounun aparıcısı İsveçin "Eurovision" Mahnı Müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Krister Byorkman özüdür.
Xatırladaq ki, 57-ci "Eurovision" Mahnı Müsabiqəsinin mahnılarına şərhlər və səsvermədə məşhur teleaparıcı Cina Diravi, iki dəfə "Melodifestivalen"in iştirakçısı olmuş Mans Zalmerlov, İsveçi 2004-cü ildə "Eurovision" Mahnı Müsabiqəsində təmsil etmiş Lena Filipson, müğənni və aktrisa Lizet Pagler, "Eurovision" eksperti Tomas Lundin iştirak edəcək. İlk şou aprelin 16-da olacaq. Şounun digərləri isə aprelin 23-ü, 30-u və mayın 7-də yayımlanacaq.
Bütün bu və ya digər verilişlərin yayımlanması ilə yanaşı, diqqət Azərbaycan təmsilçisinin də üzərinə yönəlib. Qalib dövlətin təmsilçisi iştirakçı dövlətlərin maraq dairəsindədir. Azərbaycanı təmsil edəcək Səbinə Babayevanın da müsabiqə ərəfəsində görəcəyi işlər kifayət qədərdir. Belə ki, o, bir neçə ölkəyə səfər edəcək. Azərbaycanı "Eurovision" Mahnı Müsabiqəsi 2012"-də təmsil edəcək Səbinə Babayeva şouya hazırlıqları barədə ən son məlumatları eurovision.az saytına müsahibəsində açıqlayıb. O, hazırda "When The Music Dies" mahnısının Azərbaycan versiyasının hazırlandığını bildirib. Səbinə Babayeva, eyni zamanda, müsabiqə ərəfəsində London, Macarıstan və Amsterdama səfər edəcək.
"Eurovision" Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan 13-cü sırada çıxış edəcək. Səbinə Babayeva buna çox sevinir: "Püşkatma zamanı 13 rəqəmi altında çıxış edəcəyim məlum olduqda, çox sevindim. Çünki bu, mənim ən düşərli və sevimli rəqəmlərimdəndir. Maraqlısı odur ki, "Slavyan ulduzu" yarışmasında Qran-pri mükafatını qazananda da, məhz 13 nömrə altında çıxış etmişdim. Bu, bir neçə dəfə olub və mənim üçün sevindirici haldır."
Xatırladaq ki, "When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval zərb alətlərin səsi, eləcə də, unikal muğam vokal ifasının elementləri istifadə olunub.
NƏZAKƏT
Bütün Polşa onun haqqında danışır...