25-29 aprel tarixlərində respublikamızın paytaxtı Bakı şəhəri daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanları olan Mədəni Mülkiyyətin Mühafizəsinin və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) və Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), eləcə də, Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo del Bianko Fondunun birgə tərəfdaşlığı ilə "Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri" adlı Beynəlxalq Bakı Konfransı keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Bakı konfransı, YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan və YUNESKO-nun Ümumdünya İrs Obyektlərinin yerləşdiyi tarixi şəhərlərdə urbanizasiya proseslərinin şəhərlərin tarixən formalaşmış landşaftlarına təsirlərini araşdırmağa çalışacaq.
Geniş auditoriya kütləsi üçün nəzərdə tutulmuş tədbirdə mədəni irsin mühafizəsi və inkişafı sahəsində fəaliyyət göstərən dünyanın ən nüfuzlu elm adamlarının, ekspert və siyasətçilərin iştirakı nəzərdə tutulmuşdur.
Konfransda iştirak etmək məqsədilə irsin idarə edilməsi və inkişafı sahəsində fəaliyyət göstərən dünyanın ən nüfuzlu təşkilatları olan Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) baş direktoru cənab Stefano De Karo, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) Prezidenti cənab Qustavo Araoz, Romualdo del Bianko Fondunun prezidenti cənab Paolo Del Bianko və İtaliya, Fransa, Çexiya, Portuqaliya, Polşa, Almaniya, ABŞ, Kanada, Braziliya, Meksika, Çin, Yaponiya, İsveç, İsrail və digər dövlətlərin Milli İCOMOS komitələrinin rəhbərləri ölkəmizdə səfərdədirlər.
Konfrans çərçivəsində 24 aprel tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində "Dərəcə və ixtisas" Regional Tələbə Festivalı və 25 aprel tarixində Azərbaycan Turizm İnstitutunda Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) sabiq baş direktoru, Romualdo del Bianko fondunun xarici əlaqələr üzrə koordinatoru cənab Mark Laenenin moderatorluğu ilə "Mədəni irs - davamlı sosial inkişafın əsası" mövzusunda seminar keçirilib.
Konfransın təntənəli açılış mərasimi cari ilin 27 aprel tarixində Excelsior Bakı mehmanxanasında baş tutacaq.
Beynəlxalq Bakı Konfransının işi 4 sessiya şəklində qurulacaq.
Tədbir çərçivəsində Ermənistan dövləti tərəfindən zəbt edilmiş mədəni irsimizlə bağlı fotosərgi nümayiş etdiriləcək. Sərginin bir qismi müasir dövrü əks etdirir və yeni əldə edilmiş fotoşəkillərdən ibarətdir.
Bütün Polşa onun haqqında danışır...