- Elman müəllim, İranın xarici işlər naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün vasitəçiliyini təklif edib. Hər zaman Ermənistanla dostluq münasibətləri quran və işğalçı ölkənin prezidenti ilə qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə səylər göstərən, müəyyən müqavilələr imzalayan İranın bu münaqişənin həllində ədalətli mövqe tuta biləcəyi nə dərəcədə inandırıcı görünür?
- Ermənistan və İran xarici işlər nazirlərinin görüşünün özü bir daha bu iki dövlətin münasibətlərinin kifayət qədər sıx olduğundan xəbər verir. Bu iki dost dövlətin xarici işlər nazirlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində İranın vasitəçi olmaqla bağlı təklifi də müzakirə edilib. Görüşdə İranın bu məsələyə münasibəti öz əksini tapıb. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçik etməyə hazır olduğunu bildirən İran tərəfinin bu təklifində nə dərəcədə səmimi olması və münaqişənin həllində göstərdiyi xidmət şübhə doğurur. İran dövləti çox gözəl bilir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistandır. Yəni, İran bunu bildiyi halda, münaqişənin həllində vasitəçilik təklifi ilə çıxış edib. Əgər İran indiyə qədər işğalçı Ermənistanla münasibətlərinə bu kontekstdə yanaşsaydı, yəni dost, qonşu və eyni dindən olan Azərbaycan dövlətinin ərazilərini Ermənistanın işğal faktına qiymət verib bu yöndə işğalçı ölkə ilə münasibətlər qursaydı və onda, təbii ki, rəsmi Tehranın bu təklifi çox maraqlı olardı. Amma burada məsələ ondadır ki, necə ola bilər ki, İran həm münaqişənin həllində vasitəçilik etmək istəyir, həm də sözügedən münaqişəni yaradan, mövcudluğunu qoruyub saxlayan, davam etməsində maraqlı olan, sülh danışıqları prosesini məhz beynəlxalq ictimai fikri aldatmaq naminə status-kvo vəziyyətini qoruyub saxlamaq istəyən ölkəyə qarşı heç bir təzyiq göstərmir. Yəni, bu ölkə ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Hesab edirəm ki, bu, İran üçün çox lazımdır. Çünki İran beynəlxalq aləmdə mənfi imicə malik olub. Burada İran tərəfi istəyir ki, bu cür sülhpərvər təkliflərlə çıxış edərək, özünün sülhpərvər obrazlar yaratsın. Fikrimcə, bu təklif rəsmi Tehranın özü üçün lazımdır. Nəticə etibarilə bu münaqişənin həllinə xidmət göstərməyəcək bir təklifdir. Çünki İran tərəfindən səslənən bu təklifdən öncə də, yəni 1992-ci ildə də İran analoji təkliflə çıxış etmişdi. Nəticədə isə həmin dövrdə ermənilər Şuşanı və Laçını işğal etmişdilər. Ona görə də, belə təkliflər daha çox İranın özü üçün lazımdır. Bir sözlə, heç bir halda, münaqişənin həlli mənafeyinə xidmət göstərmir.
- Düşünmək olarmı ki, dünya birliyinin İrana qarşı təzyiqlərinin artdığı bir məqamda rəsmi Tehranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliyini təklif etməsi bu təzyiqləri müəyyən qədər yumuşaltmaq məqsədi daşıyır?
- Bu gün İran sanksiyalar hədəfindədir. Demək olar ki, İrana qarşı bu sanksiyaların daha da kəskinləşməsi gözlənilir. İran tərəfi isə çalışır ki, bu sanksiyaları bir qədər yumuşaldaraq zəifləməsinə nail olsun. Bunun üçün isə İranın müəyyən mənada imicində dəyişikliklər olmalıdır. Demək olar ki, beynəlxalq aləmdə İranın adı gələndə son dərəcə assosasiya yaranır. Ona görə də, bu imici bir qədər yumuşaltmaq üçün İran nə qədər sülhpərvər təkliflər ilə çıxış etsə, bu, onun xeyirinə olacağını düşünür. Konkret olaraq, Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə, fikrimcə, İranın özünə qarşı olan mənfi imici dəyişmək niyyəti səmərə verməyəcək. Düzdür, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan dövlətlərin də fəaliyyətlərində müsbətə doğru heç bir nəticə yoxdur. Amma ATƏT-in Minsk Qrupu üzvü olan dövlətlərin münaqişənin tənzimlənməsində ədalətli mövqe tutacağı ümidləri tam aradan qalxmayıb. Bunu İrana aid etmək olmaz. Çünki İran işğalçı ölkə olan Ermənistanın yaxın tərəfdaşıdır. Ona görə də, İranın bu cür təklifi nə Azərbaycanda, nə də İranla danışıqlar aparan tərəflərdə də müsbət reaksiya doğurmayacaq. Çünki reallığı əks etdirmir.
GÜLYANƏ
Bütün Polşa onun haqqında danışır...