Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, respublikanın əməkdar artisti, Prezident mükafatçısı İnarə Babayeva bu günlərdə Belarus Respublikasında böyük uğurla keçən qastrol səfərində olmuşdur. İ.Babayeva Belarus Böyük Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli italyan bəstəkarı C.Puççininin "Bohema" operasının tamaşasında çıxış etmiş və əsas rollardan biri Müzetta partiyasını ifa etmişdir. Opera və Balet Teatrının mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, çox böyük uğurla keçən tamaşada İ.Babayevanın tərəf-müqabilləri Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının aparıcı solisti, Vokalçıların beynəlxalq müsabiqələri laureatı Natalya Petrojitskaya (Mimi), Qazaxıstan Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Medet Çotabayev (Rudolf) və Belarus Böyük Akademik Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov (Marsel) olmuşlar. Tamaşanı Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrının baş dirijoru, Rusiyanın əməkdar artisti Feliks Kolobov idarə etmişdir. Gözəl səhnə görünüşü, əla vokal imkanları ilə fərqlənən füsunkar azərbaycanlı vokalçı öz peşəkar ifası ilə Belarus tamaşaçılarını heyran etmişdir. MDB ölkələri Gənc Opera Sənətçilərinin Beynəlxalq Festivalı çərçivəsində baş tutan tamaşa Belarus KİV-i tərəfindən geniş işıqlandırılmışdır. Minskin televiziya kanalları və qəzetləri İnarə Babayevanın ifasına böyük diqqət yetirmiş və onu yüksək qiymətləndirmişlər. "Bu diqqət mənim uğurlu çıxışıma yönəlmiş diqqət olmaqla yanaşı, get-gedə nüfuzu artan, inkişaf edən və çiçəklənən ölkəmizə - Azərbaycan və onun paytaxtı Bakıya, dövlət başçımıza yönələn bir diqqət idi. Mənə yönələn suallarda bu məsələlərə də toxunulurdu". - deyə İ.Babayeva qeyd edir. Gənc azərbaycanlı vokalçı tamaşada parlaq çıxışına görə festivalın xüsusi diplomuna layiq görülmüşdür.
Belarus Teatrının rəhbərliyi isə İ.Babayevanın repertuarı ilə maraqlanaraq, onunla sıx əməkdaşlıq etmək arzusunu bildirmiş və yeni teatr mövsümündə bir neçə tamaşaya dəvət edəcəklərini qeyd etmişdir.
Bütün Polşa onun haqqında danışır...