Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov məşhur ingilis rejissoru Yan Braunu və Britianiya Şurasının mədəniyyət proqramları rəhbəri Qreqori Neşi qəbul edib. Görüş çərçivəsində Azərbaycan-İngiltərə teatr əlaqələrinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri, British Council, Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının birgə hazırladıqları yeni layihənin detalları müzakirə olunub.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Azərbaycan teatrı haqqında ümumi məlumat verib, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən teatrlararası beynəlxalq əməkdaşlıq layihələrinin əhəmiyyətindən danışıb, İngiltərə teatrları ilə uzunmüddətli yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirib. Görüşdə Azərbaycan-İngiltərə teatr əlaqələrinin inkişaf etdirilməsi üçün konkret təkliflər irəli sürülüb. Əldə olunan razılığa görə, Yan Braunun yaxın vaxtlarda Akademik Milli Dram Teatrında U.Şekspirin əsərlərindən biri əsasında yeni tamaşa hazırlaması planlaşdırılır.
Yan Braun Lids şəhərində Qərbi Yorkşir Dram Teatrının bədii rəhbəri və icraçı direktorudur. O, bu vəzifəyə 2002-ci ildə Cud Kellidən sonra təyin olunub.
Mərkəzi nitq və dram məktəbində təhsil alan Yan Braun əvvəllər 1984-1988-ci illərdə Şotlandiyanın Qlazqo şəhərində TAG Teatr Kompaniyasının, daha sonra - 1988-1999-cu illərdə Edinburq şəhərində Traverse Teatrının bədii rəhbəri vəzifələrində çalışıb. Yan Braun Avropa Teatr məkanında kifayət qədər populyar və qəbul olunmuş bir teatr rejissorudur. Onun Edinburq Travers Teatrında "Daşlar və küllər", "Oxucu", "Kolleksiya", "Kənara", "Kasıb Supermen", "İness de Kastro", "Kənddə işıq", "Moskva stansiyaları", "Yarımçıq işlər", "Ulduzlar arasında ev", "Kolumbus", "Skamya", "Hardi və Breyd", "Parlayan ruhlar", "Dul qadınlar", "Sükutun beş növü", Qlazqo TAG Teatr Kompaniyasında "Otello", "Yay gecəsində yuxu", "Romeo və Cülyetta", "Çətin vaxtlar", "Ödəyə bilmirsən? Ödəmə!", "Böyük ümidlər", Royal Startford East Teatrında "Döşəmədə", "Miqrasiya", RSC Teatrında "Gecəniz xeyirə qalsın, uşaqlar", "Viktoriya" və s. tamaşaları böyük rəğbətlə qarşılanıb.
Xüsusilə, rejissorun Şekspir dramaturgiyası əsasında hazırladığı tamaşlar böyük maraq doğurub. Rejissorun Londonun İst-End bölgəsində məhəllələrin birinin əhalisinin gündəlik həyatı əks etdirən "İstendlilər" çoxseriyalı televiziya filmi bütün Avropada məşhurdur.
Akademik Milli Dram Teatrında Yan Braunu U.Şekspirin pyesi əsasında hazırlayacağı tamaşa yerli məkanda göstərilməklə yanaşı, həm də Avropada keçiriləcək beynəlxalq teatr festivallarında və turnelərdə nümayiş olunacaq.
Bütün Polşa onun haqqında danışır...