PDF Oxu

Mədəniyyət

  • 1 118

Şamaxıda "Sabir poeziya günü" keçirilib

Şamaxıda "Sabir poeziya günü" keçirilib

Böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyi tamam olur. Prezident İlham Əliyevin 1 iyun 2010-cu il tarixli Sərəncamına əsasən, görkəmli ədibin yubileyi geniş şəkildə qeyd olunur, Bununla əlaqədar müxtəlif tədbirlər planı həyata keçirilir.

Mayın 30-da şairin doğulub boya-başa çatdığı Şamaxıda tədbir keçirilib. "Sabir poeziya günü"də silsilə yubiley tədbirlərindən biri kimi Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərini, müxtəlif ölkələrdən qonaqları bir araya gətirib.

Qeyd edim ki, "Sabir poeziya günləri" 1962-ci ildən ənənəvi olaraq təşkil olunur. Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən və artıq neçə ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin də dəstək verdiyi bu tədbir yubiley münasibətilə daha geniş formatda təşkil olunub.

Yubiley mərasimində iştirak etmək üçün Qırğızıstan mədəniyyət nazirinin müavini Kozogeldi Kuliyev, İraqın mədəniyyət nazirinin müavini Hamid Mezaal Həmidə, Litva mədəniyyət nazirinin müavini Staponkus Deividas, türkiyəli tanınmış yazıçı və şairlərdən Yakub Ömeroğlu, Ali Akbaş, İmdad Afşar, Azər Almas, Oğuz Şimşək, Osman Ceviksoy, həmçinin, Qazaxıstan, Ukrayna, Estoniyanın şair və yazıçıları da ölkəmizə gəliblər.

Tədbir iştirakçıları - ölkəmizin tanınmış elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri və xarici ölkələrdən qonaqlar mayın 30-da əvvəlcə Sabirin Bakıdakı abidəsi önünə gül dəstələri qoyublar. Sonra poeziya gününün iştirakçıları Şamaxıya yola düşüblər. Şamaxıda ilk olaraq qonaqlar şairin ev-muzeyini və məqbərəsini ziyarət edəcəklər. Sonra musiqili ədəbi-bədii tədbir başlayıb.

Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Dəliöməroğlu, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu, AMEA-nın həqiqi üzvü Teymur Kərimli, tanınmış şair Çingiz Əlioğlu və digər ədəbiyyat, mədəniyyət təmsilçiləri çıxış ediblər. Mərasimdə çıxışları muğam ifaçılarının rəngarəng konserti müşayiət edib.

Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş maraqlı nəşr layihəsinin - Sabirin məşhur "Hophopnamə"sinin və çağdaş şairlərin şeirlərindən ibarət "Sabir poeziya günü" almanaxının təqdimatı olub.

Qeyd edək ki, Mirzə Ələkbər Sabirin 150 illik yubileyilə bağlı daha bir təntənəli mərasim mayın 31-də Bakıda, Akademik Milli Dram Teatrında gerçəkləşəcək.

ZÜMRÜD

Digər xəbərlər