Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda "Müasirlərlə dialoq" layihəsi çərçivəsində görkəmli bəstəkar, xalq artisti, YUNESKO-nun sülhməramlı artisti, "Şöhrət" ordenli, professor Firəngiz Əlizadə ilə görüş keçirilib.
Tədbirdə musiqişünaslar Lalə Hüseynova və Zümrüd Dadaşzadə çıxış edərək, Firəngiz Əlizadənin bənzərsiz yaradıcılığından söz açıblar. Bildirilib ki, Firəngiz Əlizadənin yaradıcılığı geniş və çoxşaxəlidir. O, pianoçu kimi hələ gənc yaşlarından öz ifa texnikası, peşəkarlığı ilə seçilib. Bir çox bəstəkarların əsərlərinin ilk ifaçısı olmuşdur. Bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaratmışdır. "Boş beşik" baleti, "Ağ atlı haqqında əfsanə" operası, Nazim Hikmətin sözlərinə yazılmış "Ölümsüzlüyə səyahət" oratoriyası, zərb alətləri və kamera orkestri üçün "Silk Road" konserti, müxtəlif heyətlər üçün "Miraj", "Oazis", "Abşeron", "Muğamsayağı", violonçel və fortepiano üçün "Habilsayağı" və s. əsərlərin müəllifidir.
Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox məşhur musiqiçiləri - Yo-Yo-Ma Manigetti, Kronus Quartet və başqaları ifa etmişlər. Bəstəkarın əsərləri daim dünya musiqiçilərinin repertuarına daxil edilmişdir. Dünya musiqiçiləri onun klassik zəmində və müasir üslubda yazdığı əsərləri yaxşı mənimsəyirlər. Bu cəhət Firəngiz Əlizadəni bir musiqi təbliğatçısı kimi də xarakterizə edir. O, Azərbaycan ilə müxtəlif ölkələr arasında musiqi körpüsü yarada bilmişdir.
Mərasimdə çıxış edənlər görkəmli bəstəkarı doğum günü münasibətilə ürəkdən təbrik edib, ona həyat və yaradıcılıq yollarında yeni-yeni uğurlar arzulayıblar. Tədbirdə yubilyarın həyat və yaradıcılığına həsr edilmiş videomateriallar nümayiş etdirilib. Müxtəlif dövrlərin məhsulu olan bu materiallarda tanınmış Azərbaycan və dünya bəstəkarları tərəfindən Firəngiz Əlizadə yaradıcılığının bənzərsizliyi, özünəməxsusluğu yüksək qiymətləndirilib.
Sonda tədbirin iştirakçılarına minnətdarlığını bildirən Firəngiz Əlizadə Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da əzimlə çalışacağını bildirib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...