Bu gün korifey sənətkar Sara Qədimovanın anadan olmasından 90 il ötür. 1922-ci ilin may ayının 31-də Bakıda anadan olan Sara Qədimova əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi başlamışdır. Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.
Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.
Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış elədiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.
Səsi lirik-koloratur soprano lan Sara Qədimova ifa etdiyi 400-dən artıq mahnı ilə Şərqdə, qadın müğənnilər arasında muğam dəstgahlarının - Şur, Mahur-Hindi, Bayatı-Şirazın ilk ifaçısıdır. O. Türkiyə, İran, Özbəkistan, İndoneziya, Efiopiya və bir sıra digər xarici ölkə səhnələrindəki, özünəməxsus ifa tərzi ilə tamaşaçıları riqqətə gətirən Sara xanım 1944-cü ildə İran şahı Rza Şah Pəhləvi tərəfindən bu ölkənin mükafatına layiq görülüb. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının əsas qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Belə bir sənətkar musiqi tariximizdə silinməz izlər buraxıb və onun sənəti öyrənilərək, bir məktəb kimi təqdim olunur.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...