İyunun 5-də Azərbaycan Dövlət Filarmoniyasında böyük Azərbaycan şairi, tərcüməçi, tanınmış ictimai xadim, Azərbaycanın Dövlət Himnin sözlərinin müəllifi Əhməd Cavadın 120 illik yubiley tədbiri qeyd ediləcək.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında" 9 fevral 2012-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirdə ölkəmizin tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimləri, KİV nümayəndələri iştirak edəcək.
Yubiley mərasiminin zəngin proqramı vardır. Belə ki, burada məşhur sənət adamları şair haqqında danışacaq, şeirlərdən parçalar oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirin aparıcısı millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.
Əhməd Cavad ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və genişmiqyaslı düşüncə tərzi ilə parlaq şair-təbliğatçı nümunəsidir. O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olmuş və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşamaqdadır.
Qeyd edək ki, Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə Ruhani Seminariyasında, Azərbaycan Ali-Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil almışdır.
Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor, "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri işləmişdir.
Şeirləri 1913-cü ildən işıq üzü görmüşdür. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.
Həbs edilməsindən sonra mətbuatda onun əleyhinə verilmiş yazıların mahiyyətini başa düşmək üçün materialların yalnız sərlövhələrini burada xatırlamaq kifayətdir: "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhvlərimiz haqqında" (Səməd Vurğun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) və s.
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...