PDF Oxu

Mədəniyyət

  • 2 149

"Ağ Aşıq Yusif Cəfərov yaradıcılığına baxış"

"Ağ Aşıq Yusif Cəfərov yaradıcılığına baxış"

Azərbaycan ictimai-mədəni həyatına töhfələrini vermiş Sədərək ziyalıları müxtəlif dövrlərin rakursundan hadisələrə yanaşaraq, mövqelərini ortaya qoyub cəmiyyət, xalq arasında seçilən simalardandırlar. Sədərək ərazisində uzun illər tədqiqat aparan və bu məkanın yetirdiyi ziyalıların həyat və fəaliyyətini üzə çıxaran Türk Dünyası Beynəlxalq Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professoru, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Hacı Tofiq Seyidzadənin müxtəlif adlar altında çap etdirdiyi kitablar, məhz həmin məkanın ziyalılarının fəaliyyətini özündə cəmləşdirir. Bu günlərdə onun "Ağ Aşıq Yusif Cəfərov yaradıcılığına baxış" kitabı çapdan çıxıb. Kitabın məsləhətçiləri, professorlar Nizami Xuduyev, Zahid Xəlil və dosent Əbülfəz Muxtaroğludur. Müəllifin sayca 45-ci olan kitabında şifahi xalq ədəbiyyatının aşıq sənətinə nəzər yetirilərək, Naxçıvan mahalında da mükəmməl şəkildə inkişaf yolu keçdiyi diqqətə çatdırılır. Statistik rəqəmlərə nəzər salan müəllif göstərir ki, 1935-ci ildə Naxçıvanda Aşıqlar İttifaqı yaranıb və bu təşkilat 50-dən artıq kənd və rayon aşıqlarının sırasında cəmləşdirib. Bu gün Naxçıvan aşıqları haqqında söz açılanda Aşıq Həmid Ağamalıyev, Aşıq Çoban Fərman, Aşıq Heyranxanım, Aşıq Nabat, Aşıq Cəfər, Aşıq Valeh və başqalarının adını qeyd etmək lazımdır. Bu aşıqlar sırasında Ağ Aşıq Yusif Cəfərovun da adı var.

Ağ Aşıq Yusif Cəfərovun yaradıcılıq xüsusiyyətlərini, eləcə də, onu aşıqlıq sənətini önə çəkən müəllif onun yaradıcılıq nümunələrini oxuculara təqdim edir. Belə ki, aşığın qoşma, təcnis, dodaqdəyməz, gəraylı və digər aşıq sənəti növlərini oxucuların ixtiyarına verir. Kitabda Aşıq Səyyah Məhəmmədin Ağ Aşıq Yusifə məktubu yer alıb. Bu məktubda onların tanışlığı, dostluq münasibətləri, eləcə də, Ağ Aşığın dostuna ünvanladığı nümunələr öz əksini tapıb. Ağ Aşıq Yusifin sənət boğçasını diqqətə çəkən kitabın müəllifi onun seçmələrində xalqına, vətən torağına, onun gözəlliklərinə həsr etdiyi müxtəlif növdə olan aşıq şeirlərini təqdim edir. Belə ki, "A dağlar", "Qocalar", "Söylə" qoşmaları, "Gözlərim", "Danış", "Ötürəm", qoşma-cinasları, "Deyin", "Ayüzlüyə" kimi təclisləri aşığın sənətkarlıq xüsusiyyətlərini özündə ehtiva edən nümunələrdir. Hüseyn Arifə həsr etdiyi "Ay şair" təcnisini şairin yaradıcılıq dünyasına bir səyahət kimi qiymətləndirmək lazımdır:

Yurdumun fərəhi sığmırdı göyə,

Sən gələndə bizim elə, ay şair.

Gördüm səndə Vurğun, Vaqif təbii var,

İlhamım dönmüşdü selə, ay şair.

- deyən Ağ Aşıq Hüseyn Arifin insani dəyərlərini, sənətkarlıq xüsusiyyətlərini səciyyələndirməklə yaradıcı aşıq simasını da ortaya qoyur. Hacı Tofiq Seyidzadə aşıq sənətinin əsasını təşkil edən gəraylı, təcnis müxənnəs, bayatı və digər növlər haqqında da oxuculara məlumat verir. Kitabda dastan haqqında da söz açılır və Ağ Aşığın "Şahbuz səfəri", "Göyçəyə səfəri" dastanları onun yaradıcılığında dastan növündən də məharətlə istifadə etməsi haqqında təsəvvür yaradır. Dastanlar nəsr və nəzmi özündə birləşdirdiyindən, bu növ aşıq sənətində ən çətin, mürəkkəb və eləcə də, maraq doğuran bir növ olaraq diqqəti çəkir. "Şahbuz səfəri"ndə aşığın ustadı ilə deyişməsi diqqəti cəlb edir. "Göyçə səfəri"ndə aşıq mənzərəli məkanın təsvirini yaradaraq, Ələkuçan dağının zirvəsinə çatır. Bir çox mənzərəli yerləri zirvədən seyr edən aşıq:

Hər yan seyr edilir sərindən sənin,

Sən əcəb gözəlsən, ay Ələkuçan.

Gəzim həndəvərin dərindən sənin,

Tapmayır sənə tay, ay Ələkuçan.

- deyərək bu yüksəklikdə gördüyü mənzərələri ustalıqla sazını kökləyərək, dilə gətirir. Müəllifin Sədərək ziyalılarının təqdimatında bu nəşri aşıq sənətinin tədqiqinə dəyərli töhfədir.

Zümrüd




Digər xəbərlər