Moskvadakı "Zafferano" restoranında bu ilin ən parlaq musiqi hadisəsi - Azərbaycanın paytaxtı Bakıda keçirilmiş "Eurovision - 2012" 57-ci mahnı müsabiqəsinə həsr olunmuş möhtəşəm "Avrogecə" keçirilib.
Tanınmış bəstəkar və müğənni, "Eurovision - 2012" müsabiqəsinə xüsusi qonaq kimi dəvət olunmuş Emin Ağalarovun təşkil etdiyi konsertdə ötənilki müsabiqənin qalibləri Eldar Qasımov və Nigar Camal, Azərbaycanın müsabiqədə builki təmsilçisi Səbinə Babayeva, 2010-cu ildə ölkəmizi təmsil etmiş Safura Əlizadə, bu il müsabiqədə fəxri ikinci yeri tutmuş Rusiya təmsilçiləri "Buranovskiye babuşki" kollektivi, 2011-ci ilin iştirakçısı Aleksey Vorobyov çıxış ediblər.
Gecənin və "Eurovision - 2012" müsabiqəsinin aparıcıları Nərgiz Birk-Petersen və Leyla Əliyeva ilk olaraq səhnəyə "Buranovskiye babuşki" qrupunu dəvət ediblər. Onlar müsabiqədə ifa etdikləri məşhur mahnını və Azərbaycan haqqında mahnıdan bir bəndi udmurt dilində oxumuşlar. "Buranovskiye babuşki" qrupunun üzvləri Azərbaycana sevgilərini bildirmiş, Bakıda olduqları dövrdə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürlərini ifadə etmiş, Emin Ağalarova xüsusi mənnətdarlıqlarını bildirmişlər.
Eldar Qasımov yeni "I'm Free" trekinin xüsusi olaraq Moskvada keçirilən gecə üçün hazırladığı akustik variantını tamaşaçılara təqdim etmişdir. Sonra Eldar Qasımov və Nigar Camal, Səbinə Babayeva, Safura Əlizadə müsabiqə mahnılarını oxuyublar. Gecənin təşkilatçısı Emin Ağalarov Bakıda keçirilən "Eurovision - 2012" müsabiqəsində ifa etdiyi populyar mahnısını, habelə, digər məşhur sinqllarını ifa edib.
Rusiya şou-biznesinin nümayəndələri və məşhur estrada ulduzları - Bakıya qastrol səfərinə hazırlaşan Filipp Kirkorov, tanınmış müğənnilər Anni Lorak, Katya Lel, Karneliya Manqo, Nyuşa, teleaparıcılar Yekaterina Andreyeva, Blad Lisoves, tanınmış Rusiya artistləri və mədəniyyət xadimləri, Rusiya və Azərbaycan KİV-lərinin nümayəndələri qonaqlar arasında olublar.
Zümrüd
Bütün Polşa onun haqqında danışır...