Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzeydə "Naxçıvan - bəşəriyyətin beşiyi" mövzusunda Beynəlxalq Rəsm Festivalının açılış mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva mərasimdə çıxış edərək, bildirib ki, Naxçıvan Muxtar Respublikasında incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinə də böyük diqqət və qayğı göstərilir. Muxtar respublika rəssamlarına fəxri adların verilməsi, onların kitab-kataloqlarının çap olunmasına dəstək, sərgi-satış mərkəzlərinin açılması və digər tədbirlər rəssamlığa, ümumilikdə isə, incəsənətə göstərilən qayğının əyani nümunələridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2012-ci ili muxtar respublikada "Milli dəyərlər ili" elan etməsi mədəniyyət və incəsənət sahəsində də bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə stimul vermişdir. Bu tədbirlər sırasına daxil olan "Naxçıvan - bəşəriyyətin beşiyi" mövzusunda rəsm müsabiqəsi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən 2012-ci ilin aprel ayından internet-müsabiqə kimi elan olunmuşdur. Müsabiqənin qalibləri bu gün açılışına toplaşdığımız rəsm festivalında iştirak etmək hüququ qazanmışlar.
Ü.Həmzəyeva tədbir iştirakçıları adından festivalın keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə dərin minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək, qeyd edib ki, qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan torpağı əsrlərdən bəri Şərqin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır.
Naxçıvanda rəssamlıq sənətinin inkişafının göstəricisidir ki, rəssamlarımızın əsərləri ABŞ, Almaniya, Niderland, Türkiyə və başqa ölkələrdə nümayiş etdirilir və böyük maraqla qarşılanır.
Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əsil intibah baş vermiş, milli dəyərlərin qorunub yaşadılması diqqət mərkəzində saxlanılmasını diqqətə çatdırmışdır. Bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan mədəniyyətə qayğı və mədəni inkişaf xətti ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə məqsədyönlü tədbirlər görülüb, tarixi-mədəniyyət abidələri bərpa olunmuş və ya yenidən qurulub, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilib.
Çıxış edən digər natiqlər də qeyd ediblər ki, "Naxçıvan - bəşəriyyətin beşiyi" Beynəlxalq Rəsm Festivalı sürətlə inkişaf edən muxtar respublikanın mötəbər tədbirlərə ev sahibliyi etmək potensialının daha bir göstəricisidir.
"Naxçıvan - bəşəriyyətin beşiyi" Beynəlxalq Rəsm Festivalının açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra muxtar respublikanın folklor kollektivlərinin çıxışları olub. Qeyd edək ki, festivalda dörd ölkədən 24 tanınmış rəssam iştirak edir. Rəssamların çəkdikləri əsərlərdən ibarət sərgi təşkil olunacaq, qaliblərə diplomlar və mükafatlar veriləcək.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...