Parisdə nəşr olunan "Le Petit Pute" jurnalında dərc olunmuş məqalədə Azərbaycanın turizm imkanlarından bəhs edilib. Məqalə Azərbaycanın ötən il Almaniyada 56-cı "Eurovision" Mahnı Müsabiqəsinin olduğuna görə, 2012-ci il yarışmasına ev sahibliyi etməsi, Bakı şousunun möhtəşəm və heç kimin gözləmədiyi yüksək təmtəraqla keçirilməsi ilə bağlı fikirlərlə başlayır. Müəllif Erve Kerros son illər Azərbaycanın ölkəmizin müxtəlif mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsini ölkəmizin dünyada getdikcə artan nüfuzunun əyani sübutu kimi dəyərləndirib.
Məqalədə Azərbaycanın turistlər üçün çox əlverişli bir ölkə kimi imkanlarının geniş olduğu diqqətə çatdırılıb. Müəllif Bakının qədimliyinin və Azərbaycanın zəngin mədəniyyətinin əyani təzahürü olan İçərişəhər və Şirvanşahlar Sarayından söhbət açmış, "İçərişəhər" kompleksinin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edildiyini xatırladıb. Fransız jurnalisti yenidən qurulmuş Bakı bulvarının bənzərsizliyinə və gözəlliyinə heyran olduğunu etiraf etmiş, bu məkanın əsil istirahət guşəsi, bakılıların sevimli gəzinti yeri olduğunu bildirib. Məqalədə yaşı bizim eradan əvvələ gedib çıxan möhtəşəm Qız Qalasından bəhs edilir, bu qədim tarixi abidə həm paytaxtın, həm də ölkənin simvollarından biri kimi təqdim olunur. Müəllif Qız qalasının arxa hissəsindəki İçərişəhərin karvansaraylarını və fasadlarını üzüm tənəklərinin bəzədiyini, evlərin öz qədimliyi ilə diqqəti cəlb etdiyini bildirmiş, məşhur Mikayıl ağa hamamından söhbət açıb.
Azərbaycan paytaxtındakı binaların tarixiliyi barədə məlumat verməyə çalışan E.Kerros XX əsrin əvvəllərində şəhərdə Avropa arxitekturası əsasında yeni binaların tikildiyini və bu işin sürətlə davam etdiyini, lakin ötən əsrin 20-ci ilində bolşeviklərin işğalı nəticəsində bu prosesə son qoyulduğunu diqqətə çatdırıb.
Məqalədə müstəqilliyini yenidən bərpa etdikdən sonra öz yeraltı və yerüstü sərvətlərinin sahibi olan Azərbaycanda böyük quruculuq işlərinin aparılması, Bakının tikinti meydançasını xatırlatması, müasir üslubda binaların inşa edilməsi, Heydər Əliyev Mərkəzinin planetin ən böyük memarlıq nümunəsi olması xüsusi vurğulanıb.
Yazıda Azərbaycan xalqının ən qədim musiqisi arasında muğamın xüsusi yeri, onun özünəməxsus çalarları, muğamın qorunub saxlanması məqsədilə inşa olunmuş Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Müasir Azərbaycan İncəsənət Muzeyi barədə məlumat böyük maraq doğurur. Məqalədə Suraxanıdakı "Atəşgah məbədi" və bu abidə barədə vaxtilə Azərbaycana səyahət etmiş görkəmli fransız yazıçısı Aleksandr Dümanın (Ata) "Qafqaza səyahət" əsərində söhbət açıldığı yer alıb.
Bakının "Qara şəhər" adı ilə tanınmış hissəsindən əsər-əlamət qalmadığı, buradakı Nobel qardaşlarına məxsus evin bərpa olunduğu bildirilib.
Məqalədə Qobustanın ötən əsrin 20-ci illərində kəşf edilməsindən, dünyada 800 palçıq vulkanının mövcudluğundan, onlardan 500-nün Azərbaycan ərazisində olmasından bəhs olunmuş, ölkəmizin pul vahidi, müxtəlif mehmanxanaları və onların qiymət tarifləri, Parislə Bakı arasında birbaşa hava əlaqəsi, Azərbaycana turist səfərinə gələnlərə lazım olan sənədlər, zəngin mətbəximiz və onun ayrı-ayrı nümunələri barədə məlumat verilmiş, Quba, Şəki, Lahıc, Xınalıq və digər regionların turist marşrutları üçün əlverişli olduğu, Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyi və digər görməli yerlər barədə məlumatlar da əksini tapıb.
Jurnalda məqalə ilə yanaşı, ölkəmizin turizm imkanlarından bəhs edən çoxlu sayda fotoşəkillərə də yer verilib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...