Mədəniyyət

  • 1 846

Azərbaycan rəssamlıq məktəbini görkəmli nümayəndəsi

image

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayədəsi, xalq rəssamı Kamil Nəcəfzadə yaratdığı nümunələri ilə görüşlərini, istedadını bədii təsvirin gücü ilə sənət tarixinə hodura bilmişdir. Məzmunlu və fərqli əsərlərində onun yaradıcılıq dünyasının palitrası zəngin və çeşidlidir. Bu, onun sənətə olan diqqətindən, məhəbbətindən, duyum və istedadından yaranmışdır.

Bu gün 29 iyun onun xatirəsini anım günüdür. Ölümündən bir il ötür. Qeyd edim ki, 1929-cu ildə Lənkəran şəhərində dünyaya göz açan Kamil Nəcəfzadə 1948-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini Moskvada-Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunda davam etdirib. 1955-ci ildən təhsilini bitirərək, Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də, teatr sənətində də öz sözünü demiş rəssamdır. Belə ki, teatr sənəti ilə bağlılığını əks etdirən tamaşalarda Kamil Nəcəfzadə bədii təxəyyülü rənglərdən sezilib gəlir. 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarının oynanılması fikirlərimizi əsaslandırır.

Kino aləmi Kamil Nəcəfzadə yaradıcılığında aparıcı sahədir və ömrünün ahıl çağlarında da milli kinomuzun inkişafına xidmət edir. Kamil Nəcəfzadə müəllim, rəssam olsa da, milli rəssamlığımızın da inkişafında onun xidmətləri kifayət qədərdir. "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. O, Azərbaycan kinosunun korifeyləri olan Həsən Seyidbəyli, Əjdər İbrahimov, Rasim Ocaqov, Tofiq Tağızadə, Arif Babayev kimi rejissorlarla işləmiş və onların filmlərində quruluşçu rəssam kimi çalışmışdır. Kamil Nəcəfzadə sonralar ayrı-ayrı rejissorlar və operatorlarla da əməkdaşlıq etmişdi. "Ulduz", "Ad günü", "Mən ki, gözəl deyildim", "Bir cənub şəhərində", "Bir məhəlləli iki oğlan", "Atları yəhərləyin", ümumiyyətlə, 40-a yaxın bədii, tammetrajlı filmlərə tərtibat verib. O, çəkiliş obyektlərini təbii təsvir etməyə, obrazların talelərinin, aktyor ifalarının açılmasına, anlaşmasına gərgin əməyi, axtarışları ilə nail olmuş, sənətsevərlərin rəğbətini qazanmışdı.

Geniş yaradıcılıq diapazonuna malik olan bu böyük sənətkarın fəaliyyəti kino və teatr rəssamlığı ilə məhdudlaşmır. Natürmort, portret, süjetli kompozisiya, mənzərə janrlarında da uğurlar qazanıb. Onun yaradıcılığında "Yaylaqda səhər", "Günorta çağı", "Tutqun səma", "Kəpəz", "Payız", "Bizim dağlar", "Göl", "İlandağ", "Kənddə səhər", "Günün şüası", "Şəki" və başqa əsərlərinə tamaşaçılar maraqla baxırlar.

O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir. K.Nəcəfzadə dünyanın əksər ölkələrində - İtaliyada, Türkiyədə, Yunanıstanda, Kanadada, Rumıniyada, Vyetnamda yaradıcılıq ezamiyyətlərində olub. Onun Fransa silsiləsində yaratdığı "Kavaredə", "Kor musiqiçi" tabloları, demək olar, dünyanın əksər sərgi salonunda göstərilib. Bu əsərlərdə iki fərqli insanın portreti təsvir edilib. Tənha ömür sürən, zahirən yaraşıqlı, amma dünyanın nuruna həsrət qalmış musiqiçinin sarsıntısını rəssam boyaların gücü, seçimi ilə olduqca inandırıcı işləyib. Müxtəlif sərgi salonlarında dəfələrlə nümayiş etdirilən "Kor musiqiçi" əsəri seyrçiləri sarsıdıb, kövrəldib.

Kamil Nəcəfzadə yaradıcılığına portret janrında da olan əsərlər daxildir. Dünya şöhrətli klassik söz ustalarımızın, eləcə də, müasirimiz olan yaradıcı ziyalıların, mədəniyyət, incəsənət xadimlərinin portretlərini kətan üzərində əks etdirib. "Füzuli", "Şah İsmayıl Xətai", "Şəhriyar", "S.Vurğun", "N.Nərimanov", "C.Cabbarlı", "Əli Zeynalov", "Həsənağa Turabov" və başqa portret əsərləri respublikamızın və dünya muzeylərinin daimi eksponatlarıdır. O, rəngkarlıqda olduğu kimi, qrafika sahəsində də həvəslə, səmərəli çalışıb. Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr etdiyi qrafik təsvirlər, "Azərbaycan" adlı akvarel silsiləsi, Cəfər Cabbarlının "Sevil" pyesinə, Mehdi Hüseynin "Komissar" povestinə, M.S.Ordubadinin "Döyüşən şəhər" romanına çəkdiyi illüstrasiyalar fırça ustasının uğurlu yaradıcılığının sübutudur.

Sənətkarın 1990-cı il 20 Yanvar faciəsi yaradıcılığından yan ötməmişdir. "Azərbaycan harayı" və "Tarix bağışlamır" əsərləri bu silsilədəndir. Belə ki, bu əsərlər dinindən, dilindən asılı olmayaraq görənləri sarsıdır, Həmin müdhiş gecədə törədilən qanlı hadisələri göz önündə, xəyallarda canlandırır. Bu əsərlər zorakılığa, ədalətsizliyə, vəhşiliyə qarşı etiraz səsi kimi baxılır və qarşılanır. O, can yanğısını, ürək ağrısını, qəddarlara sonsuz nifrətini fırçasının gücü ilə təsvir etməyə nail olmuşdur. "Azərbaycan harayı" tablosunda dəhşətli mənzərə tamaşaçının qanını dondurur. Qana boyanmış insan cəsədləri, səmada görünən qara quzğunlar əsərin emosional təsir qüvvəsini daha da artırır. Rəssam mənzərənin bir küncündə şeyxin, digərində isə Mixail Qorbaçovun simvolik təsvirlərini verib. İlk diqqətçəkən isə meyitlərin arasında əlini göyə açmış uşaq fiqurudur. "Tarix bağışlamır" tablosu da bu baxmdan maraq doğurur.

Respublikamızda və xarici ölkələrdə bir çox sərginin iştirakçısı olmuş Kamil Nəcəfzadənin əsərləri hörmətlə, məhəbbətlə qarşılanır. 15 fərdi yaradıcılıq sərgisinin müəllifi olan sənətkarın Kamil Nəcəfzadənin Amerika Birləşmiş Ştatlarında - Vaşinqton şəhərində fərdi sərgisi açılmışdır. O, ilk azərbaycanlı rəssam olaraq, belə bir sərgini nümayiş etdirməyə müvəəq olmuşdur. Həmin tədbirdə Ulu Öndər Heydər Əliyev də iştirak etmişdir.

Bütün bu yaradıcılıq axtarışları dövlət tərəfindən diqqətdə olmuşdur. Belə ki, Azərbaycanın xalq rəssamı fəxri adına, iki dəfə dövlət mükafatına layiq görülmüş və "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Kamil Nəcəfzadə Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü olaraq ölkəmizin mədəni həyatında fəal iştirak etmişdir.

ZÜMRÜD

Digər xəbərlər