Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə aparılan arxeoloji qazıntılar zamanı yeni maddi-mədəniyyət nümunələri tapılıb. Bu barədə məlumat verən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü İlyas Babayev şəhərin son antik və ilk orta əsrlər yaşayış yeri olan Səlbir adlı ərazisində aparılan arxeoloji-tədqiqat işləri zamanı eramızın I əsrindən X əsrinə qədərki dövrə aid zəngin mədəni təbəqə, tikinti qalıqları, maddi-mədəniyyət nümunələrinin aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu ilin aprel-iyun aylarında həyata keçirilən qazıntı işləri zamanı birinci dəfə daha qədim dövrə aid təbəqədə iri təsərrüfat küpləri, həmin dövr üçün səciyyəvi olan gil qabların parçaları, taxıl üyütmək üçün dən daşları və s. aşkarlanmışdır. Arxeoloqlar qədim Qəbələ şəhərinin su-kanalizasiya təchizatı sisteminin bir hissəsini, eləcə də, məişət həyatını əks etdirən su xətləri, çörək bişirmək üçün təndirlər, mis pullar, saxsı və şüşə qablarının qalıqları, ox ucluqları, sümükdən və şüşədən hazırlanmış bəzək əşyaları, qızıl tərkibli sırğa aşkar etmişlər. Bundan başqa, həmin ərazidə bir neçə oval tikintilər aşkar olunub. Bu tapıntıların analoqları bütün Yaxın Şərqdə, Qafqazda məlum deyil. Çox nəhəng abidələrdir. Görünür, burada dövlət əhəmiyyətli yığıncaqlar, tamaşalar, dini mərasimlər keçirilirmiş.
İ.Babayevin sözlərinə görə, antik şəhər yerində e.ə. IV-III əsrlərə aid böyük çaxır saxlanılan anbar da aşkar edilib. Bu anbarda 220-dən çox böyük təsərrüfat küplərinin qalıqları vardır. Onların içərisindən götürülmüş analizlərin nümunələri göstərib ki, həmin qablarda əvvəlcə çaxır, müəyyən çatlar əmələ gəldikdən sonra isə qoz-fındıq və digər kənd təsərrüfatı məhsulları saxlanılıb.
Bütün bunlar, onu deməyə əsas verir ki, antik və ilk orta əsrlər dövründə - 800 ilə qədər Qafqaz Albaniyasının paytaxt şəhəri olan Qəbələ ərəb və monqolların fəthlərindən sonrakı dövrlərdə də nəinki ölkənin, bütövlükdə, regionun ən mühüm sənət, ticarət və mədəniyyət mərkəzlərindən biri olaraq qalıb. Ərazidə aşkar olunmuş maddi mədəniyyət nümunələri zəngin şəhər həyatından xəbər verir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...