"İpək Yolu" Festivalı Şəki şəhər sakinlərinin və xarici qonaqların yaddaşında xoş hadisə kimi qalacaq. İnanıram ki, dünyanın bir sıra ölkələrindən Azərbaycana gələn tanınmış musiqiçilər festivaldan xoş təəssüratla ayrılacaqlar". Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə davam edən "İpək Yolu" III Beynəlxalq Musiqi Festivalı barədə jurnalistlərə müsahibəsində deyib.
Nazir vurğulayıb ki, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə irəli sürülən bu ideya artıq üçüncü dəfədir ki, gerçəkləşir. Festival artıq nazirliyin tədbirlər planında da özünəməxsus yer tutub. Əbülfəs Qarayev festivalın ölkənin mədəni həyatında mühüm hadisəyə çevrildiyini qeyd edərək, bildirib ki, beynəlxalq festival iştirakçılarının sayı ildən-ilə artır, bu musiqi bayramında təmsil olunan ölkələrin coğrafiyası genişlənir. Ən əsası isə festivala gələn tamaşaçıların marağı da artmaqdadır. Şəki xanları sarayının 250 illik yubiley tədbirinin festivalın bağlanış gününə təsadüf etdiyini diqqətə çəkən nazir bunu sevindirici bir hal kimi dəyərləndirib. "Aşağı Karvansaray" kompleksi ilə bağlı fikirlərini qeyd edən Ə.Qarayev "Festivalın ən maraqlı konsertlərindən biri - Gürcüstanın məşhur "Erisioni" ansamblının konserti Şəkidə yenidən bərpa olunmuş "Aşağı Karvansaray" kompleksində təşkil edilmişdir. Mən 6 il əvvəl burada olanda, bu böyük bina qəzalı vəziyyətdə idi. Dövlətimizin başçısı binanın bərpa edilməsi ilə bağlı xüsusi göstəriş vermişdir. Bu abidə bizim milli sərvətimizdir. Abidənin yenidən bərpa olunması, həqiqətən də, bizi çox sevindirir. Bundan sonra burada mədəni-kütləvi tədbirlərin, konsertlərin keçirilməsi mümkün olacaqdır".
Nazir karvansarayda aparılan bərpa işlərinin hələ davam edəcəyini, burada müasir hotelin yerləşdirilməsi üçün müvafiq iş aparılacağını diqqətə çatdırıb.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...