PDF Oxu

Mədəniyyət

  • 1 700

"Aşağı Daşarx" adlı monoqrafiya işıq üzü görüb

"Aşağı Daşarx" adlı monoqrafiya işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru Abbas Seyidovun birgə hazırladıqları "Aşağı Daşarx" adlı monoqrafiya işıq üzü görüb.

Akademik İsa Həbibbəylinin elmi məsləhətçiliyi, akademik İsmayıl Hacıyevin elmi redaktorluğu ilə nəşr edilən monoqrafiya ərazisi çox qədim tarixə malik olan Şərur rayonunun Aşağı Daşarx qədim yaşayış yerinin tədqiqinə həsr olunub. Monoqrafiyada ilk tunc dövrü yaşayış yerlərindən olan Aşağı Daşarx qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilmiş, Kür-Araz mədəniyyəti ilə bağlı məsələlər araşdırılmış və bu mədəniyyətin qonşu ölkələrlə qarşılıqlı əlaqələri göstərilib.

Tədqiqatçılar, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş monoqrafiya ön söz, giriş, üç bölmə, nəticə və istifadə edilən ədəbiyyat siyahısından ibarətdir. Qeyd edək ki, "Aşağı Daşarx qədim yaşayış yerinin tədqiqi", "Təsərrüfat", "Erkən Tunc Dövrü mədəniyyətinin genezisi və xronologiyası" adlı başlıqlar qədim yaşayış yerinin bəzi qaranlıq səhifələrini ətraflı şəkildə işıqlandırır. Qədim yaşayış yerinin tarixinin öyrənilməsi sahəsində böyük rol oynayan 185 səhifədən ibarət olan monoqrafiyada fotoşəkillər və qrafik təsvirlər də verilib. Nəşrdə, ilk dəfə olaraq, Kür-Araz mədəniyyətinin dördmərhələli xarakteristikası verilmiş, Kür-Araz mədəniyyətinin e.ə. V minilliyin sonunda formalaşdığı göstərilib.

Qeyd edək ki, monaqrafiya üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunub.

ZÜMRÜD

Digər xəbərlər