PDF Oxu

Mədəniyyət

  • 1 275

Bakıda beynəlxalq müəllif mahnıları festivalı başlanır

Bakıda beynəlxalq müəllif mahnıları festivalı başlanır

İyulun 10-20-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş VI Beynəlxalq Bakı Müəllif Mahnıları Festivalı keçiriləcək. Festivalın Təşkilat Komitəsinin mətbuat xidmətindən verilən məlumata istnadən, festivalda həm həvəskarlar, həm də peşəkarlar iştirak edəcəklər. Onun qonaqları arasında Rusiyanın dünya şöhrətli bardları - Vadim Yeqorov, Aleksandr və Dmitri Baryudinlər, Yelena Qurfinkel, Eldar Əsədov, Andrey Sobolev, Robert Avadyayev (Bakı-Tbilisi), Lyudmila Oraqvelidze (Tbilisi), İrina Paroşina (Tbilisi) və başqaları vardır.

İyulun 14-də saat "Olimpik" Turist Mərkəzində (Novxanı qəsəbəsi) festivalın rəsmi açılışı olacaq.

İyulun 10-dan 19-dək Rəşid Behbudov adına Mahnı Teatrında festivalın qonaqlarının və iştirakçılarının konsertləri təşkil olunacaq. Festival çərçivəsində iyulun 12-də Aleksandr Baryudinin sərgisinin açılışı olacaq. Sərgidə tanınmış bard, arxitektor və rəssamın boya və qrafika əsərləri nümayiş etdiriləcək.

İyulun 13-də Tbilisi Müəllif Mahnısı Klubunun konserti olacaq.

İlk dəfə olaraq, festival çərçivəsində keçiriləcək müsabiqə-konsertdə (iyulun 15-də) Bakıdan, Rusiyadan və Gürcüstandan gənc bardlar iştirak edəcəklər.

Müsabiqə-konsertdə yerlərin (I, II və ya III) bölüşdürülməsi nəzərdə tutulmur. Bunun əvəzinə qaliblər müxtəlif nominasiyalarda mükafatlar və fəxri diplomlar alacaqlar. Təqdimat festivalın bağlanışı günü - iyulun 19-da Rəşid Behbudov adına Mahnı Teatrında böyük qala-konsertdə olacaqdır.

İnformasiya sponsoru Novosti-Azərbaycan beynəlxalq informasiya agentliyidir (www.novosti.az).

Festival çərçivəsində yeni filmlərin premyeraları olacaq, bədii sərgilər və fotosərgilər nümayiş etdiriləcək, açıq yaradıcılıq emalatxanaları təşkil olunacaqdır. Burada hər bir yazan və ya oxuyan yaradıcı insan öz bacarığını tanınmış metrlərə göstərib obyektiv qiymət ala bilər.

Konsertlər hər gecə təşkil olunacaqdır, giriş sərbəstdir.

Açılış mərasimində iştirak etmək istəyənlər üçün festivalın təşkilat komitəsi avtobuslar təşkil edəcək.

ZÜMRÜD

Digər xəbərlər