PDF Oxu

Mədəniyyət

  • 3 441

Arxeoloji qazıntılar davam etməkdədir

Arxeoloji qazıntılar davam etməkdədir

Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında Qalatəpədə aparılan arxeoloji tədqiqatlar davam edir.Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ Ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev 2008-ci ildən Qarqarçay ilə qədim suvarma kanalı olan Gavur arxının kəsişməsində strateji mövqedə yerləşən Qalatəpədə tədqiqatlar aparılır. Antik Albaniya şəhəri olan, qədim mənbələrdə Enian, orta əsr mənbələrində isə Yunan adlandırılan şəhər yerində və onun yaxınlığındakı nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı bir çox əhəmiyyətli tarixi materiallar aşkarlanıb.

Tədqiqatlar nəticəsində şəhər yerində eramızdan əvvəl II əsrdən bizim eranın II əsrinə qədər olan dövrə aid 8 metr dərinliyində mədəni təbəqə - çiy kərpicdən tikilmiş divar, sahəsi 56 kvadratmetr olan ictimai bina, dəhliz və küçə aşkar olunub. Divarların qalınlığı 1,5 metrə çatır. Binanın tikintisində istifadə edilən kərpiclərin uzunluğu 58, eni 47, qalınlığı 18-20 santimetrdir. Bu, antik dövrdə Azərbaycanda kərpic memarlığının yüksək inkişafından xəbər verir. Otağın divarlarının içindəki üfüqi istiqamətdə dirək yerləri onun bir neçə qatdan ibarət olduğunu göstərir. Otaqda 8 metr dərinlikdə əhəngdaşından hazırlanmış sütun altlığı, ocaq yerləri, kül qatları, yanmış ağac qalıqları, qırmızı boyalı, zəngin naxışlı keramika nümunələri, gillə suvanmış döşəmə, kənarlarda oturacaq kimi istifadə olunan 40 santimetr enində möhkəmləndirilmiş torpaq aşkar edilmişdir. Ətrafı səliqə ilə suvanmış sütun altlığının üzərində uzun müddət od yandırıldığından qırmızı rəng almışdır. Binanın erkən Alban dövründə atəşpərəstliyə aid məbəd olduğu güman edilir.

Qalatəpə şəhər yerinin yaxınlığındakı nekropolda son illər aparılan qazıntılar zamanı eramızdan əvvəl II - bizim eranın III əsrlərinə aid 12 küp qəbir açılmışdır. Küp qəbirlərdə tapılan materialların (bəzək əşyaları, silahlar, qılınc, ox və nizə ucları) əksəriyyəti ellinizm mədəniyyəti ilə bağlıdır. Bu tapıntılar antik dövr Alban şəhərinin mədəni-mənəvi həyatını daha ətraflı öyrənməyə imkan verir.

Qalatəpədə aparılan arxeoloji tədqiqatlar sentyabrın 10-dək davam edəcək.

ZÜMRÜD

Digər xəbərlər