PDF Oxu

Mədəniyyət

  • 1 492

Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür

Millətin dərdlərini dilə gətirən böyük şair

Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür

Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzadə 1925-ci ildə avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşdür. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə daxil olmuşdur. Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1943-cü ildə bədii yaradıcılığa "Ana və şəkil" adlı ilk şeirini çap etdirməklə başlamışdır.

Həmin zamandan etibarən, mütəmadi olaraq, B.Vahabzadənin dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunmağa başlayıb. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 40 il Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. 1990-cı ildə təqaüdə çıxmışdır. B.Vahabzadə AMEA-nın müxbir üzvü, sonra həqiqi üzvü seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin, 1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi. Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ordenləri ilə təltif olunmuşdur.

Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. O, 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poema və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək, öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur.

B.Vahabzadənini şeirləri obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.

Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən, ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

ZÜMRÜD

Digər xəbərlər