PDF Oxu

Mədəniyyət

  • 1 932

Müslüm Maqomayev - 70

"Azərbaycan"la dünyanı gəzən böyük sənətkar

Müslüm Maqomayev - 70

1942-ci ildə Bakı şəhərində dünyaya göz açan dünya şöhrətli müğənni Müslüm Maqomayev gənclik illərini Bakıda keçirib. İlk dəfə olaraq, 14 yaşında ikən Dənizçilər Klubunda çıxış edib. Qeyri-adi istedada malik olan M. Maqomayev 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La Skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edirdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı, təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca, səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçir. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. Beləliklə, Müslüm Bakıya əsil Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verir. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən müğənni 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alır.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verir. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qramoffon valları böyük tirajla buraxılır.

Müslümün sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhərilə bağlıdır. Moskva Sovet İttifaqının paytaxtı olduğuna görə, istedadlı gənclər ümidlərini bu şəhərə bağlayırdılar. Burada ya zirvələrə ucalacaqsan, ya da unudulacaqsan. Müslümün fitri istedadı burada çiçəklənməyə başlayır və öz bəhrəsini bir sıra mahnıların ifasında görür. Moskvanın görkəmli bəstəkar-nəğməkarları Müslümün səsinə uyğun olan xüsusi mahnılar bəstələməyə başlanılır. Bunların sırasında "Buhenvald harayı", "Ruslar müharibə istəyirmi?" mahnıları, rus xalq mahnılarından "Piter boyunca", "Mənim atlarım", italyan mahnılarından "Luçiya", "Sorento" və s. xüsusi yer tutur. Bununla yanaşı, onun repertuarında Azərbaycan mövzusu da öz əksini tapır. Bunlardan Ü.Hacıbəyovun iki romansı - "Sənsiz", "Sevgili canan", həm də babası M.Maqomayevin "Şah İsmayıl" operasından Şah İsmayılın ariyasıdır. Ənənəyə sadiq qalaraq, M.Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə sınayır. Bəstələdiyi mahnıların sırasında "Ey əziz anam, Azərbaycan!" öz layiqli yerini tutur. Konsertlərinin əvvəlində və sonunda, o, daima bu mahnını qüvvətli səslə və qüdrət hissilə ifa edirdi, bu da dinləyicilərdə böyük qürur hissi doğururdu. Sovet İttifaqının mərkəzi televiziyası bir müddət öz verilişlərini Müslüm Maqomayevin melodiyası ilə tamamlayırdı, bu da adi bir şey deyildi. Bu, ondan irəli gəlir ki, Müslüm Maqomayev istedadı öz parlaq çağlarını yaşayır. Sovet İttifaqının hər bir yerində ona alqış söyləyir, sanki əlləri üstündə gəzdirirdilər. Özünəməxsus oxuma üslubu onu çox müğənnilərdən fərqləndirirdi. O, eyni səviyyədə həm opera ariyalarını, həm də estrada mahnılarını ifa edirdi. Xüsusilə, müasir ritmik caz üslubunda yazılan mahnılar hamını heyran edirdi. Dünyanın elə bir ölkəsi yox idi ki, o, orada çıxış etməsin.

O, 80-ci illərdə kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər alır və onları qəbul edir. Dərin məzmunlu Nizami obrazını Müslüm Maqomayev böyük məharətlə oynayır. Onun ifasında Nizami canlı və inandırıcıdır. Babası Müslüm Maqomayevin yaratdığı tarixi Şah İsmayıl obrazını operada canlandırdığı kimi, nəvəsi bu dəfə öz ifasında Nizami obrazını kinofilmdə əbədiləşdirdi.

Belə obrazların həyatını səhnədə yaşatmaq bir növ öz həyatına kənardan baxmaq deməkdir. Bu dəfə Müslüm Maqomayev qələmi əlinə alıb xatirələrini, düşüncələrini publisist kimi yazıya köçürür. Onun yazıları səmimiliyi ilə fərqlənirdi.

Dövlət tərəfindən Müslüm Maqomayev yaradıcılıq fəaliyyətinə görə, SSRİ və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülüb. Qırmızı Əmək Bayrağı Ordeni (1971), Azərbaycan Respublikasının xalq artisti (1971), SSRİ xalq artisti (1973), Xalqlar Dostluğu Ordeni (1980), "Şöhrət" ordeni (1997) ilə təltif olunur.

1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.

Sonuncu "İstiqlal" ordeni Müslüm Maqomayevə sentyabrın 6-da Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən təqdim olunub. Təqdimat mərasimindəki çox gözəl və məzmunlu çıxışında prezident Heydər Əliyev Müslüm Maqomayevi öz xatirələrində canlandırdı və onun yaradıcılığına dərin mənalı təhlil verib.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

ZÜMRÜD

Digər xəbərlər