"Euronews" telekanalı bu il yayda Azərbaycanın Qəbələ şəhərində keçirilmiş lV Beynəlxalq Musiqi Festivalı haqqında reportaj göstərib.Reportajda qeyd olunur: "Klassik musiqi darısqal salonların çərçivəsindən kənara çıxmışdır. Bu il yayda Azərbaycanın kiçik Qəbələ şəhərinin sakinləri elə konsertlərə tamaşa ediblər ki, hətta ən yüksək zövqlü tamaşaçılar bu barədə yalnız arzu edə bilərlər".Xüsusi qeyd edilir ki, bu festivala dünya şöhrətli virtuozların böyük bir dəstəsi toplaşmışdı. Qəbələ festivalının bədii rəhbəri Dmitri Yablonski deyir: "Bizim konsertlərdə ömründə heç vaxt klassik musiqi eşitməmiş yeni tamaşaçılar çox olur. Lakin bu, olduqca xoşagələn haldır. Məşhur bəstəkarlardan birinin dediyi kimi, əgər konsertin müəyyən hissəsindən sonra heç olmasa bir nəfər çəpik çalırsa, mən çox sevinirəm, ona görə ki, biz daha bir tamaşaçı qazanmışıq".
"Euronews" telekanalının müxbiri söyləyir ki, Qəbələdə violonçelçalan Yablonskinin rəhbərliyi altında həm klassik musiqini öyrənir, həm də yeni peşə mənimsəyirlər. Dörd il bundan əvvəl Qəbələ şəhərində pianino fabriki açılıb. Həmin fabrikin əsası 100 il bundan əvvəl hollandiyalı Yohan Beltman tərəfindən qoyulub. Beltmanın nəticəsi Hans ulu babasının işini davam etdirir. O, həmin fabriklə bərabər Qəbələyə köçmüşdür.
Beltmanın pianino fabrikinin baş dizayneri Hans Leferink deyir: "Mən konsertlərdə hədsiz həyəcan keçirirəm, çünki bu aləti hazırlayanda onun bütün müsbət cəhətlərini çox yaxşı bilirsən, amma onun bütün kiçik qüsurları da sənə məlum olur. Belə alət sənə öz uşağın qədər əziz olur".
Reportajda xüsusi vurğulanır ki, hazırda dünyada ən məşhur virtuoz pianoçulardan biri olan Boris Berezovski Qəbələyə əvvəllər də gəlmişdir. Sənətçi etiraf edir ki, onu ən çox ruhlandıran yerli sakinlərin qonaqpərvərliyidir. O deyir:"Ən çətin məsələ buradan getməkdir, ona görə ki, heç getmək istəmirsən. Bir nəfərlə söhbət edirsən, o isə dərhal sənə bir şüşə şərab bağışlayır, hətta öz evinə qonaq çağırır. Heç bir başqa yerdə belə qonaqpərvərlik görməzsiniz".
"Euronews" telekanalının müxbiri ənənəvi Azərbaycan musiqisi - muğam barədə də söhbət açır. O deyir: "Peşəkar ifaçı olmaq üçün onilliklər boyu oxumaq, öyrənmək lazımdır. Tarixdən məlum olan bütün repertuarı öyrənib yadda saxlamaq və ən başlıcası, improvizə etməyi bacarmaq lazımdır".
Telekanal qeyd edir ki, London Kral Filarmonik Orkestrinin çıxışı Qəbələ festivalının final akkordu olub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...