Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci teatr mövsümünə start verdi. Bu münasibətlə sentyabr ayının 1-də teatrda keçirilən toplantını giriş sözü ilə açan Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85-ci mövsümə qədəm qoyması münasibətilə teatrın kollektivini təbrik edərək, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təbrikini və salamlarını kollektivə çatdırıb: "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Azərbaycan Teatrının inkişafında özünəməxsus yeri var. Teatr tariximizə görkəmli korifeylərin adlarını yazan bu mədəniyyət müəssisəsi yarandığı gündən repertuar siyasəti, səhnələşdirdiyi əsərləri ilə maraq doğurmuş, fərqliliyini qoruyub saxlaya bilib".
Sovetlər dönəmi ilə müstəqillik illərinin teatr prosesini müqayisəli şəkildə ətraflı təhlil edən Ə.Vəliyev bu qısa zamanda kəsiyində həyata keçirilən möhtəşəm layihələr və islahatlar, uğurlar haqqında geniş məlumat verib. Son 6 ildən bu günə qədər Azərbaycan Teatrının inkişafı sahəsində Ölkə Prezidentinin imzaladığı fərmanlar haqqında məlumat verən nazir müavini tarixə qısa ekskurs edərək, bildirib ki, 2006-cı ildə Azərbaycanda "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsinin əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi önəm verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev teatr sənəti ilə bağlı daha bir önəmli sənəd - "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə ölkə başçısı "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq edibr. İmzalanan bütün bu sənədlər ölkədə fəaliyyət göstərən teatr-tamaşa müəssisələrində təmir və bərpa işlərinin həyata keçirilməsi, onların yüksək səviyyəli maddi-texniki baza ilə təchiz olunması, səhnələşdirilən tamaşaların beynəlxalq arenada uğur qazanması, teatr tariximiz haqqında monoqrafiyaların və bir sıra elmi nəşrlərin hazırlanması, teatr kollektivlərinin beynəlxalq festivallarda çıxışı və Azərbaycan Teatrının dünya teatr məkanın inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşlar. Azərbaycandan olan teatr nümayəndələri bir sıra Avropa ölkələrinə sənət mübadilələri məqsədilə dəvət olunublar. Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmış və həmin binalar istismara verilib. Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140-cı teatr mövsümünün açılışı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq. Ötən il 139-cu teatr mövsümü əsaslı təmir olunan Mingəçevir Dövlət Dram Teatrında keçirilib. Bundan əlavə ilin sonuna Ağdam Dövlət Dram Teatrının təmirinin başa çatacağı nəzərdə tutulub. Bir il ərzində ölkə teatrlarında 109 tamaşa təhvil verilirsə, bunlardan 50-si dövlət sifarişli, qalan 59-u isə teatrın daxili imkanları ilə ərsəyə gəlir. Bu əvvəlki illərlə nisbətdə olduqca böyük rəqəmdir.2012-ci ilin sentyabr-dekabr aylarında ölkəmizin ev sahibliyi edəcəyi Beynəlxalq tədbirlər haqqında ətraflı məlumat verən nazir müavini noyabr ayının 5-7-də baş tutacaq Azərbaycanda II Beynəlxalq Teatr Konfransının önəmini xüsusilə diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk dəfə 2010-cu ildə həyata keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" adlı Beynəlxalq Teatr Konfransı təcrübə mübadiləsi zəminində olduqca uğurlu olub.Daha sonra nazir müavini ölkə başçısının müvafiq fərmanına uyğun olaraq yaş senzi ilə bağlı qərara aydınlıq gətirib. Ömrünü teatr sənətinə həsr edən və bu yolda əhəmiyyətli uğurlara imza atan teatrın baş rejissoru, Xalq artisti Cənnət Səlimovanın yaş senzi ilə əlaqədar əməkdar incəsənət xadimi Bəhram Osmanovla əvəz olunduğunu diqqətə çatdırıb. Ə.Vəliyev C.Səlimovanı teatr sənətindəki uzun illik fəaliyyətinə görə, Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, pul mükafatı, gül dəstəsi ilə mükafatlandırmış, Azərbaycan teatr sənətindəki uzun müddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirərək, ona təşəkkürünü bildirib. O qeyd edib ki, xalq artisti bundan sonra da öz fəaliyyətini quruluşçu rejissor kimi davam etdirəcək.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Bütün Polşa onun haqqında danışır...