Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi mövsümün ilk beynəlxalq festivalında iştirak etmək üçün teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Mübariz Həmidovun rəhbərliyi ilə 10 nəfərlik nümayəndə heyəti sentyabrın 6-dan - 12-dək Belarus Respublikasına səfər edəcək. Teatrın mətbuat xidmətindən "SƏS" qəzetinə verilən məlumata istinadən, Belarus Respublikasının Brest şəhərində keçiriləcək ənənəvi XVII "Belaya Veja - 2012. Klassika Plus" ("Ağ qala") festivalı sentyabr ayının 7-dən - 14-dək davam edəcək. Hər il keçirilən ənənəvi "Belaya Veja" ("Ağ qala") teatr festivalında kollektiv İtalyan aktyoru və dramaturqu Peppino De Filipponun "Don Rafael trombonçu" tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan tamaşada rolları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər.
Dünyanın 11 ölkəsindən 26 kollektiv ən yaxşı klassik əsərləri ənənəvi və yeni interpretasiyalarda təqdim edəcək. Festivalda Azərbaycan, Belarus, İsrail, Moldova, Rusiya, Ukrayna, Estoniya və Yaponiyanın, dünyanın digər ölkələrinin dram, kukla, poeziya, meydan, musiqili teatrları iştirak edəcəklər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı artıq üçüncü dəfədir ki, sözügedən festivala dəvətlidir.
Brestlilərə və şəhərin qonaqlarına Azərbaycan, Belarus, rus, polyak, Ukrayna dillərində və başqa dillərdə (rus dilinə tərcümə ilə) tamaşalar təqdim olunacaq. Qeyd edək ki, festival həftəsi sentyabrın 7-də M.Qorki adına Milli Akademik Dram Teatrının "Ağıldan bəla" tamaşası ilə açılacaq.
"Ağ qala" ənənəvi beynəlxalq teatr festivalı Brestdə 1996-cı ildən keçirilir. Festivalın məqsədi müxtəlif ölkələrin klassik səhnə ənənələrini inkişaf etdirən və müasir teatr ifadə vasitələri axtarıb tapmağa çalışan milli teatrların sənətini nümayiş etdirməkdir. Adlı-sanlı rejissorlar və aktyorlar, musiqiçilər və rəssamlar, habelə, gənc istedadlar üçün Brest festivalı öz ən yaxşı əsərlərini teatr xadimlərinin və tamaşaçıların mühakiməsinə təqdim etmək üçün gözəl imkandır. Məlumat üçün bildirək ki, festivalın təşkilatçıları Brest Vilayət İcra Komitəsi, Belarus Mədəniyyət Nazirliyi və Brest Akademik Dram Teatrıdır.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...