PDF Oxu

Mədəniyyət

  • 2 754

Nizami yurdu Gəncə elm və mədəniyyət mərkəzinə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamına əsasən şairin təntənəli yubiley tədbirlərinə start verilib

Nizami yurdu Gəncə elm və mədəniyyət mərkəzinə çevrilir

Azərbaycan Prezidenti İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 23 dekabr tarixli Sərəncamından irəli gələrək, şairin doğulduğu məkanda Gəncədə geniş hazırlıq işləri aparılıb. Şairin məqbərəsi və onun ətrafı yenidən qurulub, sahəsi genişləndirilərək yeni xiyabanlar salınıb. Burada Nizami Gəncəvi muzeyinin inşasına başlanılıb, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inşası üçün hazırlıq işləri aparılıb.

Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən Dövlət başçısının müvafiq Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq alimlərdən və ziyalılardan ibarət yubiley komissiyası yaradılıb, görülən işlər demək olar ki, hər gün müzakirə olunub.

29 sentyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni Gəncədə böyük şairin təntənəli yubiley tədbirlərinə start verilib.

Gəncədə yubiley tədbirləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlanılıb. Qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Dahi Şəxsiyyətə ehtiramlarını bildiriblər.

Yubiley tədbiri dahi şairin məqbərəsi önündə davam etdirilib. Burada tədbir iştirakçılarını şərbətlə qarşılayan milli geyimli məktəblilər müxtəlif dillərdə dahi şairin əsərlərindən parçalar söyləyib, qonaqları qədim Azərbaycan rəqsləri ilə salamlayıblar. Sonra Nizami Gəncəvinin sözlərinə bəstələnmiş romansların müşayiəti ilə yubiley tədbirləri davam etdirilib.

Minlərlə şəhər sakininin qatıldığı mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, təhsil naziri Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, 14 ölkədən dəvət olunmuş 150-dən artıq alim iştirak edib.

Tədbirdə çıxış edən Baş nazirin müavini Elçin Əfəndiyev bu böyük bayram münasibətilə bütün gəncəliləri, eləcə də, dahi Nizami yaradıcılığının işığına yığılan qonaqları təbrik edib. Elçin Əfəndiyev Nizaminin start götürən yubiley tədbirlərini yalnız poeziya, mədəniyyət bayramı kimi deyil, Nizami yubileyini, sözün əsil mənasında, ümumxalq bayramı olaraq qiymətləndirib: "Çünki 870 ildir ki, Nizaminin sənəti, onun özü Azərbaycan xalqı ilə birlikdədir. Nizami Gəncədə doğulmuş, Gəncədə yaşamış və Gəncədə də vəfat etmişdir. Ancaq onun sənətinin, istedadının miqyası o qədər böyükdür ki, o, bütün bəşəriyyətin övladı oldu. Nizami nə qədər milli şairdirsə, o qədər də bəşəri şairdir. Nizami doğulduğu Gəncəni sənətkarlar diyarı adlandırır, özünü isə mahir sənətkar hesab edirdi. O, Gəncəni qədim Babillə müqayisə edirdi. Bu sözlər başqa bir dahi sənətkarın dilindən eşidilsəydi, bəlkə də bir qədər qeyri-təvazökar səslənərdi. Lakin Nizaminin dediyi bu sözlər son dərəcə təbii səslənir. Ona görə ki, Nizami istedadının böyük imkanları ilə Nizami sənətkarlığının iddiası tam şəkildə üst-üstə düşür. Mənim yaxşı yadımdadır. Ümummilli Liderimiz Heydər Əliyev Nizaminin 840 illiyi ilə əlaqədar xüsusi Sərəncam imzalamışdı. Son dərəcə qiymətli olan bu Sərəncam Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edirdi. Hamı yaxşı bilir ki, yubileylər yuvarlaq rəqəmlərlə olur. O vaxt Ulu Öndərin təşəbbüsü ilə böyük Nizaminin 840 illik yubileyinin keçirilməsinə sovetlər birliyində qısqanclıqla yanaşırdılar. Lakin bu, böyük bir hadisə idi və şübhəsiz ki, bu hadisə Ulu Öndərin şəxsiyyətinin gücü sayəsində mümkün olmuşdu. Nə yaxşı ki, bu ənənə indi də davam edir. Nə yaxşı ki, bu estafet Azərbaycanın müstəqilliyinə qədər gəlib çıxmışdır. Sevinirik ki, bu gün Azərbaycan Prezidenti bu ənənələrə sadiq qalaraq Nizami şəxsiyyətinə ümumxalq məhəbbətinin ifadəsi olaraq dahi şairin 870 illik yubileyinin keçirilməsi barədə xüsusi Sərəncam imzalamışdır".

Mərasim başa çatdıqdan sonra qonaqlar və yubiley iştirakçıları dahi söz ustadının qəbrini ziyarət edərək məzarı üzərinə qızılgüllər qoyub, ruhuna dualar oxuyublar.

Sonra məqbərə ətrafında Gəncə Dövlət Dram və Kukla teatrları aktyorlarının şairin "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "İsgəndərnamə" və "7 gözəl" əsərlərinin motivləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, Gəncə Dövlət Filarmoniyası və Dövlət Kamera Orkestrinin birləşmiş xorunun, eləcə də, müğənnilərin ifasında Nizaminin sözlərinə bəstələnmiş romanslar səsləndirilib.

GƏNCƏNİN MƏRKƏZİNDƏ NİZAMİ GƏNCƏVİ ADINA PİYADA KEÇİDİ AÇILIB

Onu da bildirək ki, elə həmin gün sentyabrın 29-da yubiley tədbirləri çərçivəsində Gəncənin mərkəzində Nizami Gəncəvi adına piyada keçidinin açılışı olub, Azərbaycan Dövlət Aqrar Universitetində Nizami Gəncəvi irsinin təbliğində xidmətlərinə görə yubiley tədbirlərinin iştirakçısı olan xarici ölkələrin bir qrup elm xadiminə Azərbaycan Dövlət Aqrar və Gəncə Dövlət universitetlərinin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, professor Mirdamət Sadıqov və Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov rəhbərlik etdikləri universitetlərin elmi şuralarının qərarlarını oxuyub və dünyanın ən qədim və zəngin İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti, BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə səfiri, doktor İsmayıl Seragəldiyə və BMT-nin Hökumət Komissiyasının sədri, İsveçrə Konfederasiyası Prezidentinin müşaviri, İsveçrənin sabiq dövlət naziri, YUNESKO-nun kommunikasiya üzrə hökumətlərarası panelinin sədri, səfir Valter Fusta Azərbaycan Dövlət Aqrar Universitetinin, Latviyanın 6-cı Prezidenti, BMT baş katibinin xüsusi təmsilçisi, Avropa Birliyinin uzunmüddətli inkişaf proqramının vitse-prezidenti Vaira Vike-Freibergaya və Qırğız Respublikasının sabiq xarici işlər naziri və müvəqqəti hökumətin rəhbəri Roza Otunbayevaya Gəncə Dövlət Universitetinin fəxri doktoru adı verilməsi barədə həmin universitetlərin diplomları təqdim edilib.

Təhsil naziri Misir Mərdanov fəxri doktor adına layiq görülən qonaqları təbrik edib, bunu əlamətdar hadisə adlandırıb.

XAN BAĞINDA NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİNİN TƏMƏLQOYMA MƏRASİMİ

Universitetdə keçirilən təntənəli mərasimdən sonra Xan bağında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək təməli yenicə qoyulan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə uğurlar arzulayıblar.

Təməlqoyma mərasimindən sonra Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin poemalarının yeni tərcümə və tərtibatda nəşr olunmuş nüsxələrinin təqdimatı keçirilib.

Mərasimdə çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev dahi şairin yubileyi münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə olaraq "Xəmsə"yə daxil olan 5 əsərin külliyyat şəklində çap edilməsindən danışıb və buna görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib.

Sonra nizamişünas alimlər Samir Pişnamazzadənin "Nizami Gəncəvi məqbərəsinin tarixi və taleyi" və "Nizami Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri", Xəlil Yusiflinin "Nizami Gəncəvi: sələflər və xələflər", Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq", Sevda Qurbanəliyevanın "Nizami Gəncəvinin musiqi dünyası" və "Nizami Gəncəvi obrazları miniatürlərdə" mövzularında məruzələri dinlənilib.

Bütün bu görülən işlər Nizami yurdu Gəncənin elm və mədəniyyət mərkəzinə çevrilməsi deməkdir.

ZÜMRÜD

Digər xəbərlər