10-14 oktyabr 2012-ci il tarixdə Almaniya Federativ Respublikasının Frankfurt şəhərində 63-cü Beynəlxalq Kitab Sərgisi təşkil olunacaq. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin İnformasiya və reklam sektorunun müdiri Tehran Vəliyev, həmin sektorun baş məsləhətçisi Aslan Cəfərov, nazirliyin mətbuat xidmətinin baş məsləhətçisi Zöhrə Əliyeva, Heydər Əliyev Fondunun əməkdaşı Elşad Bayramov, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov ibarət nümayəndə heyəti təmsil edəcək.
Xüsusi dizaynla hazırlanacaq 40 kv.m.-lik sahəni əhatə edən stendimizdə dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, azərbaycanlıların soyqırımı, mədəniyyətimiz, tariximiz barədə 350 adda, 600 nüsxəyə yaxın Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm potensialımız haqqında müxtəlif bukletlər və digər çap məhsulları sərgi iştirakçılarına təqdim olunacaq.
Oktyabr ayının 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti, Almaniyanın Mainz Universitetinin bir sıra alimləri, Azərbaycan və Almaniyanın bir çoxa tanınmış dövlət və mədəniyyət xadimlərinin iştirakı ilə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...