Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği işinin şaxələnməsi kimi məsələlər Mədəniyyət və Turizm Nazirliyinin qarşısında duran prioritet vəzifələrdən olduğu üçün mövcud istiqamətdə daima müxtəlif təşəbbüslər irəli sürülür. Belə ki, cari ilin 5-7 noyabr tarixində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin dəstəyi ilə Polşanın Varşava şəhərində "Azərbaycan mədəniyyətinin elmi təqdimatı" adlı tədbirlər təşkil olunub.
Sözügedən tədbirlərin keçirilməsi üçün nazirliyin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə və Azərbaycan Milli Konservatoriyasının dosenti İlham Nəcəfovdan ibarət nümayəndə heyəti Varşava şəhərində ezamiyyətdə olub.
Tədbirlər zamanı müxtəlif universitetlərin və Elmi Araşdırmalar Mərkəzlərinin əməkdaşları, müəllim-professor və tələbə heyətindən ibarət olan dinləyicilərə "Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin xüsusiyyətləri", "Mədəniyyətlərarası dialoq və multikulturalizm ideyaların təbliği - Azərbaycanın xarici siyasətinin və mədəniyyət siyasətinin strateji prioriteti kimi", "Beynəlxalq elmi əməkdaşlıq və Azərbaycanda ictimai elmlərin inkişafı" və "Azərbaycan nəfəsli alətlərin antologiyası" mövzularda mühazirələr oxunmuş və bu mövzular ətrafında geniş müzakirələr aparılıb.
Səfər çərçivəsində Varşava Universitetinin, habelə, Qafqaz Araşdırmalar Mərkəzi və Strateji Araşdırmalar İnstitutunun rəhbərliyi ilə təşkil olunmuş görüşlər zamanı sözügedən müəssisələr ilə Mədəniyyət və Turizm Nazirliyi arasında perspektiv əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb.
Tədbirlərdə dinləyicilər tərəfindən Azərbaycan mədəniyyətinin təbliğində nazirliyin respublikanın elmi potensiallarından geniş istifadə etməsi faktı yüksək qiymətləndirilmiş və multikulturalizm kimi ideyaların təbliğində birgə səylərin göstərilməsi kimi məsələlərin vacibliyi vurğulanıb.
Bütün Polşa onun haqqında danışır...