Noyabrın 16-da Azərbaycan Dövlət Film Fondunda görkəmli kino bəstəkarı Emin Sabitoğlunun 75 illiyinə həsr edilmiş tədbir keçiriləcək və yubilyara həsr edilmiş fotosərgi açılacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.
Emin Sabitoğlu Azərbaycan kinematoqrafiyasına uğur qazandıran, milli kinomuzun inkişafında əhəmiyyətli xidmətləri olan tanınmış bəstəkarlarımızdandır. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin sinfində oxumuş, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Gənc bəstəkar təhsilini başa vurduqdan sonra 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru işləmiş, bir sıra filmlər üzərində çalışıb. Ömrünün son illərində E.Sabitoğlu Türkiyədə yaşayıb-yaratmış, İstanbul Texniki Universitetinin Türk Milli Konservatoriyasının professoru olmuşdur.
E.Sabitoğlunun yaradıcılığında onun filmlərə yazdığı kino musiqisi xüsusi yer tutur. O, hələ tələbəlik illərindən kino musiqisinə maraq göstərmiş, sonralar iyirmidən artıq bədii, bir o qədər də sənədli filmə musiqi yazmışdır. Bəstəkarın kino yaradıcılığı 1962-ci ildə çəkilmiş "Dağlarda zavod" sənədli filmi ilə başlamış, "Kür", "Yollar və küçələrlə", "Sabahın xeyir, Bakı!", "Dəniz", "Cəlil Məmmədquluzadə", "Səməd Vurğun", "Azərbaycan çayı", "Çiçək yığımı" və s. sənədli filmlərə musiqi bəstələməsi ilə davam edib.
Bədii filmlərə gəldikdə, Emin Sabitoğlunun ilk işi 1964-cü ildə yaradılmış "Kimi daha çox sevirik" kinoalmanaxındakı "Dağ meşəsindən keçərkən" novellası olmuşdur. Bunun ardınca o, "Poçt qutusu", "Bizim Cəbiş müəllim", "Gün keçdi", "Dədə Qorqud", "Ad günü", "İstintaq", "Bağlı qapı", "Atları yəhərləyin", "Bəyin oğurlanması", "Yaramaz", "Ölsəm... bağışla", "Təhminə", "Həm ziyarət, həm ticarət" və s. bədii filmlərə musiqi bəstələmişdir. Bu filmlərin əksəriyyəti yaradıcı qruplara böyük uğurlar qazandırmışdır.
Böyük sənətkar, istedadlı bəstəkar Emin Sabitoğlu bu gün haqq dünyasında olsa da, o, hər birimizin qəlbində özünə əbədi məskən salmışdır.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...