Azərbaycan Bəstəkarlar İttifaqında SSRİ-nin və Azərbaycanın xalq artisti, "İstiqlal" və "Şöhrət" ordenli görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr edilmiş "Müslüm Maqomayev Azərbaycan və dünya musiqi sənəti kontekstində" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə açıb.
Qeyd edilib ki, Müslüm Maqomayev Azərbaycanın müasir musiqi sənəti tarixində silinməz iz buraxıb. O, müğənni və bəstəkar kimi hərtərəfli istedadı, gözəl bariton səsi ilə seçilirdi, ən mürəkkəb ariyaları, estrada mahnılarını eyni məharətlə ifa edirdi. Onun "Azərbaycan" mahnısı ölkənin himninə çevrilmiş və bir çox beynəlxalq tədbirlərdə səsləndirilib.
Müslüm Maqomayev həmçinin, istedadlı rəssam, heykəltəraş olmuş, kitablar yazmışdır. İtaliya müğənnisi Mario Lantsa haqqında çox yazılsa da, Müslümün kitabı ən yaxşı kitablardan biri hesab edilir.
Konfransdan əvvəl Cahangir Qurbanov Müslüm Maqomayevin repertuarından əsərlər - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Həsən xanın ariyasını və Müslümün "Elegiya"sını ifa etdi.
Sonra "Azərbaycan musiqisində iki dahi Müslüm - tarixi paralellər" (sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səttarova), "XX əsrin vokal sənətində Müslüm Maqomayev fenomeni" (Xalq Artisti Xuraman Qasımova), "M.Maqomayevin "Mario Lantsa" kitabı haqqında bəzi qeydlər" (fəlsəfə üzrə elmlər doktoru, professor Mina Hacıyeva) və digər məruzələr dinlənilib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...