Türkiyənin İstanbul şəhərində XXXI İstanbul Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, həmin şöbənin məsləhətçisi Faiq Xudanlı, AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, şair Əjdər Ol və II Respublika Muğam Festivalının qalibləri Aytən Məhərrəmova, Ədalət Behbudov və Pərviz Fərhadovdan ibarət muğam üçlüyü təmsil edib.
Sərgidə Azərbaycanın zəngin mədəniyyətini, tarixini, ədəbiyyatını, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsini, kitab sənətini təmsil və təbliğ etmək məqsədilə 24 kv.m sahədə stend qurulub. Açılış mərasimində Türkiyənin bir sıra dövlət nümayəndələri, o cümlədən, Avropa Birliyinə məsul dövlət naziri Egemen Bağış, qardaş ölkənin bir çox tanınmış şəxsləri, yazarlar, elim adamları və digər xarici ölkə nümayəndələri Azərbaycanın ekspozisiyası ilə tanış olmuş, çeşidli çap məhsullarımız qonaqlarda böyük maraq doğurub. Mərasimdə Azərbaycan stendi ilə maraqlanan sərgi iştirakçılarına ölkəmizin turizm imkanlarını, Qarabağ həqiqətlərini əks etdirən broşurlar paylanıb.
"Azərbaycan xəmsəsi - Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı" adlı elmi, ədəbi-bədii konfrans keçirilib. Tədbirdə Vaqif Quliyev, Teymur Kərimli, Əjdər Ol və Türk Ədəbiyyatı Vəqfi Yönətim Kurulu başkanı Sərvət Kabaklı çıxış ediblər. V.Quliyev çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə bu il yubileyləri keçirilən şair-yazıçıların Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan kitablarını konfrans iştirakçılarına təqdim etmişdir.
Çıxışlardan sonra Aytən Məhərrəmova, Ədalət Behbudov və Pərviz Fərhadovdan ibarət muğam üçlüyünün ifasında səslənən Azərbaycan musiqiləri konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
XXXI İstanbul Beynəlxalq Kitab Sərgisinin bağlanış mərasimi olmuş, sonra Azərbaycan nümayəndə heyəti kitablarını ölkəmizin İstanbuldakı Baş Konsulluğuna hədiyyə edib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...