Beynəlxalq Muğam Mərkəzində Azərbaycan tar ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında UNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş mərasim keçirilib.Mərasim rejissor Nizami Abbasın tar musiqi alətinin qədimliyindən və ifaçılıq sənətindən bəhs edən sənədli filminin nümayişi ilə başlanıb.
Tarın YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinin hamımız üçün böyük bayram olduğunu deyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, xalqımızın zəngin mədəniyyətinin zirvəsində duran tar artıq bəşəriyyət tərəfindən məhz Azərbaycan musiqi aləti kimi tanınıb. O, tarın təkcə qədim mədəniyyətimizi, ifaçılıq sənətimizi yaşadan deyil, həm də müasirliyi özündə əks etdirən bir musiqi aləti olduğunu qeyd edib. Təsadüfi deyildir ki, bəstəkarlarımız tərəfindən tar və simfonik orkestrlər üçün əsərlər yazılır.
Mərasimdə nazir, həmçinin, belə bir əlamətdar hadisə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Mərasimdə xalq artisti Ramiz Quliyev jurnalistlərə müsahibəsində bildirib ki, tarın böyük bir inikişaf dövrü keçib, tar ifaçılıq sənətimizin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi dövlətimizin mədəniyyətin inkişafına göstərdiyi böyük diqqət və qayğısının bariz nümunəsidir.
R.Quliyev mədəniyyətimizin inkişafına Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən çox böyük dəstək verildiyini vurğulyıb. O qeyd edib ki, xalqımızı sevindirən bu hadisə Azərbaycan tarını dünya səhnəsinə inteqrasiya edir.
Qeyd edim ki, tədbir çərçivəsində, həmçinin, tar musiqisinin rəngarəng nümunələrindən ibarət İtaliyada istehsal edilmiş diskin təqdimatı olmuş, tar ifaçılarının iştirakı ilə konsert təqdim edilib.
ZÜMRÜD