Dekabrın 24-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə keçirilən "Bakı gecələri – 2012" estrada mahnı festivalının qaliblərinin qala-konserti təşkil ediləcəkdir.
BŞMTİ-dən AzərTAc-a bildirmişlər ki, "Bakı gecələri – 2012" estrada mahnı festivalında, ümumilikdə, 110 mahnı tamaşaçılar tərəfindən seçilmək üçün SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılmışdır.
Səsvermə noyabrın 20-dək davam etmiş və hər iki səsvermənin nəticələrinə görə ən çox səs qazanmış 21 mahnı "Bakı gecələri -2012" estrada mahnı festivalının qalibləri elan edilmişdir. Qalib mahnılar qala-konsertdə tamaşaçılara təqdim olunacaqdır.
Qaliblər arasından mükafatçıları müəyyən etmək üçün qala–konsertdə iştirak edəcək 21 mahnı noyabrın 25-dən dekabrın 15-dək "Araz FM - 103.3" radiosunun efirində səsləndirilməklə yenidən SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılmışdır.
Qala-konsertdə ən çox səs toplamış 3 mahnı mükafatlandırılacaqdır. Birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq diplomlar və 5000, 3000, 2000 manat gözləyir.
Estrada mahnı festivalı 2008-ci ildən keçirilir.
AzərTAc
Bütün Polşa onun haqqında danışır...