PDF Oxu

Mədəniyyət

  • 1 379

Çexiyada nəşr edilən “Əbədi odlar yurdu” kitabının 1-ci cildi Milli Azərbaycan Tarixi Muzeyinə həsr olunmuşdur

Çexiyada nəşr edilən “Əbədi odlar yurdu” kitabının 1-ci cildi Milli Azərbaycan Tarixi Muzeyinə həsr olunmuşdur

Çexiyanın Ostrava şəhərində çapdan çıxmış "Əbədi odlar yurdu" kitabının 1-ci cildi Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) eksponatlarına həsr olunmuşdur.

MATM-dan AzərTAc-a bildirmişlər ki, kitabın layihə müəllifi tarix üzrə fəlsəfə doktoru David Mayer, kuratorları Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Praqa Dövlət Qalereyasının əməkdaşı Zdenka Klimtova, Praqa Hərbi Tarix Cəmiyyətinin üzvü Pyotr Klyuçinadır.

Azərbaycan və Çexiya tədqiqatçılarının gərgin əməyinin nəticəsi olan kitab nəfis tərtibatda çex dilində çapdan çıxmışdır. Kitabın tərtibatında maraqlı üslub seçilmiş, başqa sözlə, Azərbaycanın tarixi və incəsənətinin müxtəlif səhifələri Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarına həsr olunmuş məqalələr vasitəsilə oxuculara təqdim olunmuşdur.

Məqalələrdə Azərbaycanın tarixi və mədəniyyəti, Milli Azərbaycan Tarixi Muzeyinin fondları, Böyük İpək Yolunda əhəmiyyətli mövqe tutan Azərbaycanın tarixi-mədəniyyət abidələri, XVIII–XIX əsr Azərbaycan misgərliyi, XIX əsr zərgərlik məmulatları, Nizami Gəncəvinin poemalarının süjetlərini əks etdirən sənət əsərləri, orta əsr Azərbaycan sikkələri, XVIII-XIX əsr silahları barədə məlumat verilir.

Bütün məqalələrə yüksək keyfiyyətli fotoşəkillər əlavə olunmuşdur.

Artıq layihəyə əsasən üç cilddə nəzərdə tutulan "Əbədi odlar yurdu" kitabının digər cildləri üzərində də iş tamamlanmışdır. Bu yaxınlarda nəşrin Azərbaycanın xalçaçılıq ənənələrinə həsr olunmuş 2-ci cildi təqdim ediləcəkdir.

AzərTAc

Digər xəbərlər