PDF Oxu

Mədəniyyət

  • 1 587

Ankarada Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilib

Ankarada Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilib

TÜRKSOY-un Ankaradakı baş ofisində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov TÜRKSOY-un Azərbaycanın və bütün türk dünyasının görkəmli ədibləri və sənətçilərinin yubileylərinin keçirilməsi, bununla türkdilli ölkələrin mədəniyyətlərinin dünyada tanıdılması sahəsində xidmətlərini vurğulayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, diplomat görkəmli ədib Hüseyn Cavidin keşməkeşli həyat yolundan, çoxşaxəli və zəngin yaradıcılığından danışıb.

TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Əhməd Arı dörd il İstanbulda təhsil almış görkəmli şair və dramaturqun zəngin ədəbi irsinin bütün türk dünyasının sərvəti olduğunu vurğulayıb, yubileyin keçirilməsində xidmətləri olan TÜRKSOY-a və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür ediblər.

Sonra Qazi Universitetinin professoru Əhməd Bican Ercilasunun sədrliyi ilə konfrans keçirilib. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliömeroğlu, Kazım Qarabəkir Fondunun sədri Timsal Qarabəkir, yazıçı Azər Turan, Turan Cavid Qadın Mərkəzinin sədri Sevda Cəfərova görkəmli şair və dramaturqun həyat və yaradıcılığından bəhs ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1982-ci ildə Cavidin məzarının doğma yurdu Naxçıvana gətirilərək dəfn edilməsi, eləcə də, Ümummilli Liderin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi zaman görkəmli ədibin mavzoleyinin, onun ev-muzeyinin yaradılması üçün səyləri vurğulanıb.

Tədbirin sonunda Hüseyn Cavidin əsərlərinə bəstələnmiş mahnılar səsləndirilib, Naxçıvan Dövlət Musiqili Dram Teatrı Ankaranın Keçiörən rayonunda ədibin "İblis" tamaşasını təqdim edib. Qeyd edək ki, Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbirlər İstanbul Universitetində də davam etdiriləcəkdir.

Tural Məmmədov,xüsusi müxbir

Digər xəbərlər