Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) birgə layihəsi olan "Muradxan dəfinəsi" adlı kataloq nəşr edilib.
İnstitutun Numizmatika şöbəsinin müdiri, tarix elmləri namizədi Akif Quliyev, orta əsrlər şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Qafar Cəbiyev və "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlillinin birgə tərtib etdikləri kataloq "AFP oligraf" mətbəəsində çapdan çıxıb.
Kataloqda 2010-cu ilin aprel ayında Kürdəmir rayonunun Muradxan kəndi yaxınlığında aşkar edilən, Şirvanşah Şeyx I İbrahimin (1382-1417-ci illər) və Şirvanşah I Xəlilullahın (1417-1465-ci illər) hakimiyyəti illərində Şamaxı, Bakı, Dərbənd, Qəbələ və Ərdəbildə zərb edilən anonim gümüş təngələrin fotoları və təsnifatı, həmçinin, dövrün siyasi tarixi əksini tapıb.
Muradxan dəfinəsində olan nadir sikkələr Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan Şirvanşahlar dövlətinin sosial-iqtisadi və siyasi tarixinin qaranlıq məqamlarına aydınlıq gətirmək baxımından əhəmiyyətli sənəddir.
EİF-in elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci ildə keçirilmiş müsabiqəsinin qalibi olmuş "Muradxan dəfinəsi" kataloqu numizmatika ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, magistr və aspirantlar, habelə, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...