Ermənilərin XX əsrin əvvəllərində Azərbaycanda dəfələrlə soyqırımı törətmələri barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün daha bir vacib addım atılıb. Bundan sonra Türkiyədəki məşhur Çanaqqala Tarix Muzeyinin müqəddəs torpaqlar guşəsində Azərbaycan torpağı da nümayiş etdiriləcək. Muzeyə göndərilən torpaq nümunəsi xalqımıza qarşı soyqırımının bariz nümunəsi sayılan Quba kütləvi məzarlığından götürülüb.
Çanaqqala Tarix Muzeyinin müqəddəs torpaqlar guşəsində dünyanın müxtəlif yerlərindəki şəhid məzarlıqlarından götürülmüş torpaq nümunələri saxlanılır. Muzeyə Azərbaycandan torpaq göndərilməsi təşəbbüsü regional televiziyanın qardaş ölkədə reallaşdırdığı film çəkilişləri zamanı irəli sürülüb.
Torpaq nümunəsi ilə yanaşı, muzeyə ötən əsrin əvvəllərində Azərbaycanın şimalında baş verən soyqırımı ilə bağlı ətraflı məlumat da göndərilib. Bunun sayəsində hər il muzeyə gələn minlərlə ziyarətçi həmin guşəni seyr edərkən ermənilərin başımıza gətirdikləri faciələr barədə ətraflı informasiya ala biləcəklər. Muzeyin müdiri Hasan Hüseyin Maltepe bildirib ki, 2004-cü ildən fəaliyyət göstərən Çanaqqala Tarix Muzeyində müqəddəs torpaqlar guşəsi ziyarətçilərin ən çox diqqəti özünə cəlb edir.
Quba məzarlığı 2007-ci ilin aprelində aşkarlanıb. Məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...