"Eurovision - 2013" Milli seçim turunun sonuncu 8-ci həftəsi də başa çatıb. Bundan sonra həftənin qalibləri ölkə təmsilçisi adı uğrunda mübarizələrini final mərhələsində davam etdirəcəklər.
58-ci "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi olmağa iddialı 9 namizəd həftə ərzində səs və səhnə imkanlarını İctimai Televiziya və radionun canlı efirində nümayiş etdirdi. Onlar 5 gün müddətində milli seçim turunun ənənəvi proqramını yerinə yetirərək, məşhur "Eurovision" hitlərini, dünya, eləcə də, Azərbaycan estradasından nümunələri səsləndirdilər. İfaçıların çıxışları həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən izlənilərək dəyərləndirildi. Məhz onların birgə rəyinə əsasən, Valeriya Hüseynzadə və Aysel Babayeva finala vəsiqə qazandı. Azərbaycanı 58-ci "Eurovision" Mahnı Müsabiqəsində kimin təmsil edəcəyi martın 14-də Buta Palace-da keçiriləcək final şousunda məlum olacaq. Milli Finalda 10 ifaçı ölkə təmsilçisi adını qazanmaq uğrunda yarışacaq. Xatırladaq ki, milli seçim turunun əvvəlki həftələrində Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova və Vlada Axundova da finalda yarışmaq hüququ qazanıb. Azərbaycanın "Eurovision-2013" Mahnı Müsabiqəsindəki təmsilçisi peşəkar münsiflər heyətinin qərarı ilə müəyyənləşdiriləcək.
Qeyd edək ki, ilkin püşkatmanın nəticəsinə görə Azərbaycan təmsilçisi mayın 16-da, "Eurovision-2013" Mahnı Müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək. 58-ci şou iştirakçıları "VVe are one", yəni "Biz birik" şüarı ilə bir araya gələcək.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...