PDF Oxu

Mədəniyyət

  • 4 805

"Maşa və Ayı" tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

"Maşa və Ayı" tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

Dünən Akademik Milli Dram Teatrında "Maşa və Ayı" tamaşası nümayiş olunub. Xatırladaq ki, "Multi-Pulti dünyası" teatrı "Maşa və ayı" tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Hazırda nümayiş olunan seriya "Arzular çin olur" adlanır.

Teatr layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində böyük müvəffəqiyyətlə realizə olunub. Gürcüstanda tamaşa cəmi 56 dəfə oynanılıb və 28556 nəfər tərəfindən izlənilib. Bakıda nümayiş olunan tamaşa məxsusi olaraq, Azərbaycan tamaşaçıları üçün hazırlanıb və xalqımızın ən qədim bayramlarından olan Novruz bayramına həsr olunub.

İki gün davam edəcək tamaşanın qəhrəmanı - uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında məlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır, çox əylənirlər.

Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edir. Tamaşanın quruluşçu rejissoru Qoça Kviça, rolları Maka Tsintsadze (Maşa), Amiran Buidze (Ayı), Niko Kakabadze (Canavar), Tamuna Bedianaşvili (Qartopu), Elnur Əliyev (Cırtdan) və Toğrul Kamalov (Şaxta baba) ifa edirlər. Tamaşa Azərbaycan dilində oynanılır. Maşa rolunu əməkdar artist Məsmə Aslanqızı, Ayını Elnar Qarayev, Canavarı Hikmət Rəhimov, Şaxta babanı Toğrul Kamalov, Cırtdanı Elnur Əliyev səsləndirir.

ZÜMRÜD

Digər xəbərlər