Sərgi iyunun 10-dək davam edəcək
Alman-Azərbaycan Mədəniyyət Birliyi "Kapellhaus"da Azərbaycanın fırça ustalarının "Almaniya bir rəssamın gözü ilə" adlı sərgisi açılıb. Sərgi Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin təşkilatçılığı, Alman-Azərbaycan Mədəniyyət Birliyinin, "Qız Qalası" İncəsənət Qalereyasının, "Berlin-Bakı" Rəsm Qalereyasının, "Kapital Bank"ın və "Standard İnsurance"nin birgə dəstəyi ilə keçirilir.
Açılış mərasimində Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Moessinger çıxış edərək, 2007-ci ildən Azərbaycan rəssamlarına şərait yaradıldığını bildirərək, onların bu sərgi çərçivəsində Almaniya haqqında müəyyən düşüncələrini fırçalarının dili ilə cəmiyyətə çatdırdıqlarını vurğulayıb. Qeyd olunub ki, builki sərgiyə də nəzərəçarpacaq dərəcədə çox əsərlər təqdim olunub.
V.Moessinger bildirib ki, bu sərgidə nümayiş olunan 38 əsərdən 3-ü seçiləcək. Ümumiyyətlə, 2007-ci ildən indiyədək keçirilmiş sərgidə 300-dən artıq rəssam iştirak etmişdir. Ötən il isə həmin illərdə qalib gələn rəssamların ayrıca sərgisi keçirilib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Validə Məmmədova və həmin ali təhsil müəssisəsinin professoru, xalq rəssamı Səhlab Məmmədov sərgidə qalib gələn gənc rəssamları təbrik etmiş və onlara uğurlar arzulayıb. Bildiriib ki, hər il olduğu kimi, bu dəfə də sərginin qalibləri Almaniyaya səfər etmək imkanı qazanacaqlar. Sərgiyə təqdim edilmiş işləri səfirliyin əməkdaşlarının da daxil olduğu 7 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflərin yekdil qərarına əsasən gənc rəssamlar Xəyalə Yusifova birinci, Taleh Mirkazımov ikinci, Tural Emilli isə üçüncü yerlərə layiq görülüblər. Sonra qaliblərə mükafatlar təqdim olunub. Qeyd edək ki, sərgi iyunun 10-dək davam edəcək.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...