"YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan sərgidə Azərbaycan və qonşu ölkələrin müasir incəsənəti təqdim olunacaq
Azərbaycan, İran, Türkiyə, Rusiya və Gürcüstandan olan 17 rəssamın bu yaxınlarda "Love Me, Love Me Not" ("Sevir, sevmir") adı altında hazırladıqları işlər Azərbaycan və qonşu ölkələrin müasir təsviri incəsənət sərgisinə təqdim ediləcəkdir. Bakıda yerləşən "YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunacaq sərgi (kurator Dina Nassir-Xadivi), iyunun 1-dən noyabrın 24-dək, Tesa 111, Arsenal Nord ünvanında, Venesiya biennalesi - 55-ci Beynəlxalq bədii incəsənət sərgisi çərçivəsində qonaqlar üçün açıq olacaqdır.
Xatırladaq ki, "YARAT!" Müasir İncəsənət Məkanı müasir Azərbaycan təsviri incəsənətinin irəliləyişi və inkişafı ilə məşğul olur, eyni zamanda, Azərbaycan incəsənətini həm ölkədə, həm də xaricdə nümayiş etdirməyə çalışır. "YARAT!" öz missiyasını müxtəlif sərgi proqramları, maarifləndirici tədbirlər və festivallar vasitəsilə həyata keçirir. "YARAT!" yerli və xarici bədii şəbəkələr, fondlar, qalereya və muzeylər arasında dialoqun yaranmasında vasitəçi rolunu oynayır. Açılan iqamətgahlar mədəniyyət dialoqunun və əməkdaşlığın yaranmasına əlavə imkanlar verir.
"YARAT!"ın təhsil təşəbbüslərinə mühazirələr, seminarlar, ustad dərsləri, həmçinin, gənc rəssamlar üçün "ARTIM" adlı layihə daxildir. "ARTIM" qarşısına Azərbaycanın gənc nəslinin istedadlı, yaradıcı nümayəndələrini təsviri incəsənət sahəsinə istiqamətləndirmək, gənc rəssamlara işlərinin peşəkar sərgilərdə nümayiş imkanını yaratmaq məqsədi qoymuşdur.
Sərgidə Azərbaycandan Faiq Əhmədin, Rəşad Ələkbərovun, Rəşad Babayevin, Əli Həsənovun, Orxan Hüseynovun, Sitarə İbrahimovanın, Aida Mahmudovanın, Fərid Rəsulovun, İrandan Afruz Amiqinin, Şoja Azarinin, Mahmud Bahşinin, Əli Banisadrın, Fərhad Moşirinin, Türkiyədən Kutluq Atamanın, Rusiyadan Taus Maxaçevanın, Slavyanlar və Tatarlardan "Avrasiya"nın, Gürcüstandan İliko Zautoşvilinin əsərləri nümayiş etdiriləcəkdir.
Sərgidə geniş çeşiddə media və əşya xarakterli materiallar, həmçinin, videoinstalyasiyalar və rəsm əsərləri təqdim ediləcəkdir. Eksponatlar şəxsi təcrübədən təsirlənmiş tarixi mövzulardan tutmuş müasir həyatı əks etdirən əsərlərədək geniş çərçivəni əhatə edəcəkdir.
Faiq Əhməd dayaq nöqtəsi kimi Azərbaycan xalçalarının naxışlarından istifadə edir, onların təsvirində Azərbaycanın müasirliyə doğru sürətli hərəkətini təsvir etməyə çalışır. Onun ip üzərindəki "Adsız" instalyasiyası ənənəvi xalçaçılıq haqqında təsəvvürlərin üzərindən xətt çəkir, hər şeyi 2 ölçülü müstəvidən 3 ölçülü fəzaya keçirir. Əli Bənisədr triptix formasında olan ən böyük işini təqdim edəcəkdir. Müəllif alovun və işığın dərin simvolik mənasından təsirlənmişdir. Azərbaycanda və İranda məna etibarı ilə üstünlük təşkil edən bu elementlər öz kökünü Zərdüştlükdən götürür və eyni zamanda, "Azərbaycan" adı fars köklü "odu qoruyanlar" termininə aid edilir. Rənglərdən və rəssamlıq texnikasından səmərəli istifadə edən Əli Bənisədr kətan üzərində öz uşaqlıq illərindən təsviri məlumatı, incəsənət tarixi haqqında dərin biliyini və gündəlik həyatla bağlı iti müşahidələrini əks etdirir, həmçinin, insan təbiətinə məxsus hərəkət detallarını, energetika və abstraksiyanı təsvir edir. Rəssamın işləri dünyanın bir çox ictimai kolleksiyalarına, eyni zamanda, Nyu-Yorkdakı Metropoliten Təsviri İncəsənət Muzeyinin, Los-Anceles Müasir İncəsənət Muzeyinin, Saatçi Qalereyasının və Londondakı Britaniya Muzeyinin kolleksiyalarına daxil edilmişdir.
Azərbaycanın və qonşu regionların incəsənət xadimlərini bir yerə toplayan "Sevir, sevmir" sərgisi Azərbaycanın, həmçinin İran, Türkiyə, Rusiya və Gürcüstanın müasir incəsənəti üçün yeni perspektivlər açacaqdır. Sərginin kataloqu kurator Dina Nassir-Xadivi və Fərah Rəhim İsmayılın redaktorluğu altında Nada Razanın, Nikolas Kullinanın, Neqar Əziminin, Monika Steynberqin, Suad Qarayevanın, Slavs and Tatars - "Avrasiya" adlanan, yəni keçmiş Berlin divarının şərqindən Böyük Çin səddinədək ərazi ilə bağlı suallar əsasında müzakirə və polemika təşkil edən debat klubunun köməyi ilə hazırlanmışdır. Klubun kollektivinin işləri müxtəlif kütləvi informasiya vasitələrində paylaşılır. Əsas diqqət çox vaxt unudulan kulturoloji suala - slavyanların, qafqazlıların və Mərkəzi Asiyada yaşayanların bir-birinə qarşılıqlı təsirinə yönəlir.
Qeyd edək ki, "Love Me, Love Me Not" sərgisinin kuratoru Dina Nassir-Xadivi Yaxın və Orta Şərqin, İran və Qafqazın bəzi regionlarında müasir incəsənət üzrə ixtisaslaşmış müstəqil kurator və məsləhətçidir. O, "Christie's" hərrac evində XIX-XX əsrlər incəsənət nümunələri üzrə mütəxəssis-şərqşünas kimi, 2006-cı ildən Yaxın və Orta Şərqin, İranın müasir incəsənəti üzrə çalışmışdır. Dina Nassir-Xadivi çoxsaylı məlumatlandırma təşəbbüsləri nəticəsində rəssamlar üçün beynəlxalq platforma yaratmışdır. Çalışdığı layihələrdə şəxsi kolleksiyalara kuratorluq və böyük təşkilatlara məsləhətçi xidmətini göstərdiyinə görə, o öz vaxtını Nyu-York, London, Cenevrə və Dubay arasında bölüşdürür. Son vaxtlar fəaliyyətinin Qafqaz regionuna yönəlməsi Dina Nassir-Xadivinin Azərbaycan xalqı və onun mədəniyyəti ilə mənəvi qohumluğu və vətəni İran ilə qonşuluğu, xüsusən də, onun Bakı müasir incəsənətinin genişlənən səhnəsini təqdim edən rəssamlara marağının artmasından irəli gəlir.
"Love Me, Love Me Not" sərgisinə prodüsserlik edən "YARAT!" Müasir İncəsənət Məkanı müasir Azərbaycan təsviri incəsənətinin irəliləyişi və inkişafı ilə məşğul olur
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...