İyunun 25-dən 30-nadək Polşada "Dünya Avropa Mədəniyyətləri stadionu" festivalı keçiriləcək. Festivala dünyaşöhrətli muğam ustası Alim Qasımov və qızı Fərqanə Qasımova da dəvətlidir. Festivalın 4-cü günündə səhnəyə çıxacaq xanəndələr hazırda gündəlik məşqlərini davam etdirirlər. Muğam ustaları ilə eyni səhnəni Polşanın tanınmış "Voo Voo" qrupu paylaşacaq. Alim Qasımov və qızı Fərqanə Qasımova onlarla birgə qrupun repertuarından "Bezsennosc" mahnısı ilə Azərbaycan muğamlarını sintezini yaradacaqlar. Hazırda xanəndələr bu mahnıya uyğun kompozisiya axtarışındadırlar.
Onu da qeyd edək ki, Vojciech Vaglevskinin rəhbərlik etdiyi "Voo Voo" caz rok qrupu 1985-ci ildən fəaliyyət göstərir. Qrup bu vaxtadək, 25 musiqi albomu təqdim edib. Əlbəttə ki, bu əməkdaşlıq dünyanın tanınmış musiqiçilərini sənətinin qüdrətinə valeh edən Alim Qasımov üçün ilk deyil. Müxtəlif üsluba malik peşəkar ifaçılarla uğurlu duetlər yaradan sənətkarın fikrincə, muğamla ən yaxşı sintez olunan musiqi janrı isə rokdur.
Konsertdə xanəndələri polşalı qrupla birgə tarda Zəki Vəliyev, kamançada isə Rauf İslamov müşayiət edəcək. Polşadan sonra isə onlar solo konsert layihəsi ilə Tunisə səfər edəcəklər. Onu da qeyd edək ki, dünyaşöhrətli xanəndə Bakıda da solo konsert layihəsi ilə çıxış etməyi planlaşdırır.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...