PDF Oxu

Mədəniyyət

  • 1 768

"Qazi Mustafa Kamalın dostu İbrahim Əbilov" adlı kitab türk dilinə tərcümə edilərək nəşr olunub

image

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və yazıçı-jurnalist Akif Axundovun müəllifi olduqları "Qazi Mustafa Kamalın dostu İbrahim Əbilov" adlı kitab doktor Yusif Gedikli tərəfindən türk dilinə tərcümə edilərək Türkiyənin Ankara şəhərinin Kültür və Turizm Nazirliyinin nəşriyyatında işıq üzü görüb.

Mustafa Kamal Atatürkün anımının 75, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90, Atatürkün yaxın dostu İbrahim Əbilovun ölümünün 90 illiyinə və ümumillikdə bütün türk millətinə hədiyyə olunan kitabda türk tarixində, diplomatiya və dövlət quruculuğu sahələrinin inkişafında mühüm rol oynayan görkəmli şəxsiyyətlərdən bəhs edilir.

Ədəbi bir üslubda yazılmış tarixi əsər olan nəşrdə Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün yaxın dostu və Ankara şəhərində səfir vəzifəsini icra edən İbrahim Əbilovun (Məhərrəmoviç) Türkiyədə olduğu 1 il 4 ay 11 gün müddətində türkçülüyə xidmət etməsindən, ümummilikdə, Atatürkün başçılığı ilə cümhuriyyətin elanından əvvəl gerçəkləşən Qurtuluş Savaşında böyük köməyi olan Azərbaycan türklərinin şəxsi talelərindən, onların fəaliyyətindən danışılır.

Nəşrdə İbrahim Əbilov və ona yaxından dəstək olan Nəriman Nərimanov, Kazım Qarabəkir Paşa, Abasqulu bəy Şadlınski, Behbud ağa Şahtaxtinski, Məhəmmədağa Şahtaxtinski, habelə Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və digərləri haqqında məlumatlar toplanıb. Eyni zamanda Azərbaycanın inkişafı istiqamətində mühüm xidmətləri olan vətənpərvər türk oğullarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan uğrunda aparılan mübarizədəki rolu barədə ərtaflı məlumat verilir.

Qeyd edək ki, 168 səhifədən ibarət nəşrdə Mustafa Kamal Atatürk, İbrahim Əbilov, Nəriman Nərimanov və başqalarına aid müxtəlif vaxtlarda çəkilmiş foto-şəkillər də öz əksini tapıb.

ZÜMRÜD

Digər xəbərlər