PDF Oxu

Mədəniyyət

  • 3 614

140 illik tarixi olan Azərbaycan peşəkar teatrı yaşayır, yaradır

140 illik tarixi olan Azərbaycan peşəkar teatrı yaşayır, yaradır

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr etməkdə haqlıdır. Bu sənət növlərinin inkişaf və təşəkkülündə insanların bədii təfəkkür və yaradıcılığı önəmli faktodur. Təbii ki, insanlarda bu dəyərlərin özünü büruzə verməsi ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi ilə bağlı olan amildir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qeyd edək ki, Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Bu sənət növləri sırasında Azərbaycan teatrının öz yeri, payı var.

Bu il - 2013-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illiyi tamam olur. Bu illər ərzində Azərbaycan teatrı maraqlı və zəngin tarixi yol keçmişdir. Belə ki, yaşanılan tarixin hər bir ilində Azərbaycan teatrının vurğulanmalı, diqqətə çəkilməli zamanı yaşanır.

Qeyd edək ki, XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə zəmin hazırladı. O, yarandığı gündən Şərq islam aləminin ilk professional teatr sənəti ocağı kimi zəngin repertuarında daim yüksək ideyalı və dərin ictimai məzmunlu əsərlərə geniş yer ayırdı. Azərbaycan xalqının milli-mənəvi dəyərləri zəminində formalaşan və peşəkar səviyyəyə yüksələn Azərbaycan teatrı sənət tariximizə silinməz izlərini saldı. Əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu yeni nəsillərin formalaşmasında teatrın xidmətləri əvəzsiz oldu. Təbii ki, hər bir zaman, dövr üçün teatr aktuallığı ilə seçilən tamaşaların təqdiminə nail oldu. Bu gün 140 illik yubileyini qeyd etdiyimiz Azərbaycan teatrının keçdiyi zəngin yola nəzər salarkən onun inkişafında nə qədər sayda fədakar yaradıcı insanların əməyinin olduğunu görürük. Çətin bir zamanda teatrın yükünü üzərinə götürən belə insanlar Azərbaycan teatr sənətinin fədailəri olduqlarından hər birinin tərcümeyi-halı, yardıcılıq biblioqrafiyası yetişən yaradıcı gənclər üçün bir məktəbə çevrildi. Bu gün belə insanların sənət tariximizdə sayı onlarladır. Çətin, ziddiyyətli, mürəkkəb dövrdə heç bir qorxu və hədədən çəkinmədən sənət yollarında bu günün peşəkar teatrının formalaşması yolunda addımlar atdılar. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hacıağa Abbasov, Mirmahmud Kazımovski, Hüseynqulu Sarabski, Səməd Mənsur, Mirzəağa Əliyev, Şövkət Məmmədova, Fatma Muxtarova, Mərziyyə Davudova, Sidqi Ruhulla, Əzizə və Sona Hacıyevalar, Ağasadıq Gəraybəyli, Mövsüm Sənani, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Mustafa Mərdanov, Rüstəm Mustafayev, İsmayıl Osmanlı və başqa görkəmli teatr xadimlərinin fəaliyyəti sayəsində Azərbaycan teatrı bir-biri ilə üzvi vəhdətdə olan iki xətt üzrə - Avropa və rus klassiklərinin və Azərbaycan dramaturqlarının əsərləri əsasında inkişaf etdi.

Bu iki istiqamət Azərbaycan teatrında milli ilə bəşəriliyin, Şərq mentaliteti, sənət spesifikası ilə Avropa teatr ənənələrinin vəhdətini yaratdı. Bu vəhdət isə Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayaraq, onun xarakterik xüsusiyyətinə çevrildi. Belə bir xarakterik xüsusiyyət nəticəsində Cavid teatrı, Cabbarlı teatrı, sonrakı dövrlərdə S.Vurğun teatrı, İ.Əfəndiyev teatrı kimi estetik anlayışlar artıq yalnız bu sahənin deyil, ümumən Azərbaycan mədəniyyətinin mühüm hadisələri oldu.

Teatr sənətinin 140 illik yolunun bir-birindən maraqlı səhifələrində Azərbaycan teatrının formalaşma zamanı diqqətdən yayınmır. 1873-cü ildə Bakıda Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası ilə əsası qoyulan Azərbaycan teatrı inkişaf dövrünü yaşdı. Teartın inkişafı qısa bir zamanda bir-birindən fərqli məzmunda olan tamaşalırın səhnə həllini tapmasına səbəb oldu. Zəngin repertuara malik olan Azərbaycan teartı çoxsaylı tamaşaçı auditoriyasını ətrafına toplayaraq böyük bir sənətin formalaşmasına nail olmaqla bahəm, insanların estetik zövqünün, dünyagörüşünün formalaşmasında da teatr əhəmiyyətli rol oynadı. Mirzə Fətəli Axundzadə elə dramaturgiyanın əsasını qoyanda məhz insanların bu yolla maariflənməsinin əhəmiyyətini nəzərə almışdır. Çoxsaylı insanların maariflənməsində, öz hüququnun müdafiəsində durmaq yolunda teatr böyük işlərə təkan oldu.

İlk tamaşadan sonra çox keçmir ki, qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları hazırlayaraq, bu tamaşalarda "aktyor" kimi çıxış edirlər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını oynayırdılar.

M.F.Axundzadənin əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır. XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsil mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1890-cı illərdən başlayaraq, Nəriman Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda, özü də bir çox tamaşalarda baş rolları oynayırdı. 1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların, həmçinin, rus və Qərbi Avropa klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi.

Kollektiv sənət olan teatrın inkişafı ədəbiyyatın, musiqinin, vokal sənətinin, rəngkarlığın, nitq mədəniyyətinin, rəqsin, fərdi aktyorluq və rejissorluq sənətinin, sənətşünaslığın inkişafı deməkdir. Avropa operasının yüzilliklər boyu keçdiyi keşməkeşli yaradıcılıq yolunu Azərbaycan teatrı bütün Şərqdə ilk dəfə olaraq Üzeyir Hacıbəylinin yaradıcılığının timsalında "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər qısa bir müddətdə qət etmişdir. Üzeyir bəy bütün Şərqdə ilk dəfə olaraq "Arşın mal alan", "O olmasın, bu olsun" kimi klassik operettalar yazaraq onları Azərbaycan teatrının səhnəsinə gətirib çıxarmışdır. Dahi bəstəkar öz istedadı ilə Mirzə Fətəli kimi Azərbaycan mədəniyyətinə o vaxtadək tanımadığımız bir janrı - operettanı gətirərək, onu mədəniyyətimizin məhz milli faktoruna çevirdi.

1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı. Çox keçmir ki, Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılışı olur. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də, teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat yazıçıların fəaliyyəti, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev və C.Cabbarlının başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynadı.

1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsil mənasında, hamilik edən Ulu Öndər Heydər Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.

1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın Birinci Katibi Heydər Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" sarayındakı ziyafətdə də Ümummilli Lider Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi yeni mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü, mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram Teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər.

Azərbaycan teatr səhnəsində oynanılan tamaşalar mövzu rəngarəngliyi, maraqlı aktyor oyunu və rejissor işi ilə diqqəti cəlb edirdi. Ötən əsrin sonunda baş verən ictimai-siyasi olaylar teatrdan yan ötmədi. İqtisadi, ictimai-siyasi vəziyyət teatr sənətinə də mənfi təsir göstərdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan teatrı da öz yüksəliş dövrünü yaşamağa başladı. Əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı.

Azərbaycanın Akademik Milli Dram Teatrında Azərbaycan və qeyri-milli dramturqların klassik və müasir mövzuda bir sıra maraqlı əsərlərinin tamaşası hazırlandı. "Hökmdar və qızı", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Məhəbbət və azadlıq adası", "Dişi canavar", "Ah, qadınlar, qadınlar", "Qısqanc ürəklər", "Min illərin işığı", "Hərdən mənə mələk də deyirlər", "Ana intiqamı", "Ağqoyunlular və qaraqoyunlular", "Ah, Paris... Paris", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Qatil", "Pompeyin Qafqaza yürüşü", "Şah Edip", "Burla Xatun" və s. tamaşalar oynanıldı. Bu tamaşaların əksəriyyətinin premyerasında Ulu Öndər Heydər Əliyev iştirak edərək tamaşa haqqında, eləcə də, yaradıcı simalarla bağlı bir teatrşünas, teatr tənqidçisi kimi fikirlərini bildirmişdir.

Peşəkar teatr kimi püxtələşən teatrlarımız qastorl səfərləri ilə dünya teatr səhnələrində Azərbaycan teatrının peşəkarlığını bir daha nümayiş etdirdilər. Azərbaycan Dövlət Akademik Dram Teatrı müstəqillik dövründə ilk dəfə Türkiyəyə qastrol səfərinə çıxdı.

Bu gün Azərbaycan peşəkar teatrı sənət yolunun yeni bir mərhələsini yaşayır. Belə ki, Heydər Əliyev ənənələrini layiqli davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə teatr binaları təmir və bərpa etdirilir, onların dünya teatr səhnəsinə uyğun olaraq fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. Prezidentin Sərəncamı əsasında teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir, həyat şəraitləri yüksəldilir. Teatrın inkişafı üçün Dövlət Proqramı uğurla həyata keçirilir. Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılıb və artıq istismara verilib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı diqqət və qayğının nəticəsi olaraq son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə fəaliyyətdə olan dövlət teatrlarında 700-dək aktyor çalışır. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bu sənətə qayğının bariz nümunəsidir. Bu gün neçə-neçə teatr xadimlərimiz Prezident təqaüdü alırlar. Bütün bunlar şübhəsiz ki, Azərbaycan teatrının daha da inkişaf etdirilməsinə münbit zəmin yaradır. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Respublikanın teatr xadimlərinə fəxri adların verilməsi haqqındakı Sərəncamı daha bir diqqətin nümunəsidir.

140 illik yaşı olan Azərbaycan peşəkar teatrı inkişaf edir, yaşayır, yaradır.

ZÜMRÜD

Digər xəbərlər