PDF Oxu

Mədəniyyət

  • 150 368

Azərbaycan mədəniyyətinin intibah dövrü

image

Ötən əsrin 70-ci illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də intibah yarandı. Sənətə, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsil mənasında, hamilik edən Ümummilli Lider Heydər Əliyevin səyi və köməyi nəticəsində milli mədəniyyətimiz vüsətli inkişaf yoluna qədəm qoydu. Mədəniyyətin bir çox sahələrində olduğu kimi kino sahəsində də nailiyyətlər yarandı.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafı yönümündə atdığı qətiyyətli addımlar milli kinofilmlərin istehsalı ilə nəticələndi. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır.

Hələ 1970-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev müstəqillik dövründə hakimiyyətə qayıdışından sonra da respublikanın kino sənəti xadimlərindən qayğı və məhəbbətini əsirgəmədi.

XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur. Heydər Əliyev səyi ilə gənclərin irəli çəkilməsi kino sahəsində uğurlara səbəb oldu. Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur. Belə ki, "Uşaqlığın son gecəsi" (1969), "Gün keçdi" (1971), "Baş müsahibə" (1971), "Var olun, qızlar" (1973), "Həyat bizi sınayır" (1971), "Xoşbəxtlik qayğıları" (1976) və s. filmlər həmin zamanda istehsal olundu. 70-ci illərin sonralarında və 80-cı illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artdı. Təbii ki, bu filmlərin istehsalında Heydər Əliyevin əməyi danılmazdır. Mərkəzi Komitə tərəfindən bir çox sovet ideologiyasına zidd olan filmlərin istehsalının dayandırılmasına, eləcə də səhnəyə buraxılmasına icazə verməyən şəxslərin qarşısına Heydər Əliyev sədd çəkdi. Tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkildi. "Mosfilm" kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən "Ulduzlar sönmür" filmi bu baxımdan diqqətəlayiqdir. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu filmin mühüm məziyyətlərindəndir. "Səmt küləyi" (1973) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, "Axırıncı aşırım" (1971), "Qatır Məmməd" (1974) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. "Sevinc buxtası" (1977), "O biri gün gecə yarısı" (1981) filmləri də tarixi mövzulardadır. Heydər Əliyevin səyi və göstərişi əsasında "Nəsimi" (1973), "Dədə Qorqud" (1975), "Babək" (1979) kimi filmlər yarandı və ekran həyatı yaşadı.

Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: "Qərib cinlər ölkəsində" (1987), "Şir evdən getdi" (1978), "Mən mahnı qoşuram" (1979) yaradılmışdır. İkinci dünya müharibəsinədək Azərbaycanda cizgi filmləri çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. 1966-cı ildə "Azərbaycanfilm"də rəssam və rejissor-multiplikator kursları açılmışdır. 1969-cu ildə "Azərbaycanfilm"də yaradılmış multiplikasiya sexində A.Axundovun Azərbaycan xalq nağılları əsasında yazdığı ssenari üzrə birhissəli rəngli "Cırtdan" multiplikasiya filmi çəkilmişdir. 70-ci illərdə "Fitnə", "Cücələrim", "Tülkü Həccə gedir", "Cırtdanın yeni sərgüzəştləri", "Çaqqal çaqqalın oğludur", "Siçan və Pıs-pısa xanım", "Günlərin bir günündə", "Dınqıl, sazım, dınqıl", "Xoruz", "Qız qalası haqqında əfsanə"; "Dəcəl dovşan", "Uçan süfrə" və s. cizgi filmlər yaradılmışdır.

"Azərbaycanfilm" kinostudiyasında ildə təqribən 7 bədii film, 20 sənədli və elmi-kütləvi film istehsal olunmağa başladı. Kinematoqrafiya sahəsində Heydər Əliyevin fəaliyyətini əks etdirən, Onun ideyalarını tamaşaçılara təqdim edən filmlərə də yer ayrılmışdır. Müasir dövrümüzdə onun çoxsahəli fəaliyyətindən bəhs edən filmlərə maraqla baxılır. Heydər Əliyev haqqında çəkilən dəyərli filmlərdən silsilə filmlər yaratmış tanınmış rejissor Andrey Karpov tərəfindən çəkilmiş "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" filmidir.

MDB ölkələrinin prezidentləri haqqında silsilə filmləri yaratmağı qarşısına məqsəd qoymuş A.Karpov birinci olaraq Heydər Əliyevə həsr etdiyi filmi çəkmişdir. Ölkə başçısının gərgin, mənalı, keşməkeşli həyatının ən vacib anları ardıcıllıqla canlandırmış bu filmin çəkilişində Azərbaycan kino-televiziya xadimləri də iştirak etmişlər. Ümummilli Liderin iş yerində, qaçqınlarla görüşündə, evində, övladlarının, nəvələrinin əhatəsində təsvir edən epizodlar ustalıqla çəkilmişdir. Heydər Əliyevin Məkkə səfəri də filmə daxil edilmişdir.

Heydər Əliyevin geniş, hərtərəfli fəaliyyətindən bəhs edən ikinci film N.Səfərovun ssenarisi əsasında operator O.Şixəliyevin çəkdiyi "Hamıya nümunə olan ömür yolu" filmidir. Bu əsərdə Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır. Ssenarist və kinorejissor Vagif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən onun çəkdiyi "Həqiqət anı" filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı "Heydər Əliyev" filminin 9-nu çəkib. Buraya "General", "Birinci", "Moskva. Kreml", "Lider", "Tale", "Əsil məhəbbət haqqında", "Bir həsədin tarixi", "Professional","Patriot" filmləri daxildir. Onlardan "Əsil məhəbbət haqqında" film böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. "Bir həsədin tarixi" filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda "Qran-Pri" mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib.

Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayevin "Əsrin sazişi" filmində öz əksini tapmışdır. Azərbaycan kino səətinin inkişaf tarixi Heydər Əliyein adı ilə bağlı olduğundan Ümummilli Liderin fəaliyyəti də məhz kinofilmlərdə yaşanır. Bu, Onun sənətə olan diqqətinin nəticəsidir.

Azərbaycan teatr sənətinin inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Onun hakimiyyətə gəldiyi illk illərdə 1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. O zaman Azərbaycanın MK-nın Birinci Katibi vəzifəsində çalışan Heydər Əliyev tərəfindən neçə-neçə sənətkar təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü, mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram Teatrının üç görkəmli sənətkarı - Mehdi Məmmədov, İsmayıl Dağıstanlı və İsmayıl Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü ildə teatr Moskvada qastrolda oldu və Lenin ordeni ilə təltif edildi. S.Vurğuun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşalarını səhnədə oynadılar.

80-ci illərin tamaşaları mövzu rəngarəngliyi, maraqlı aktyor oyunu və rejissor işi ilə diqqəti cəlb edirdi. 1988-ci ildən Azərbaycanda baş verən iqtisadi və ictimai siyasi vəziyyət teatr sənətinə də mənfi təsir göstərdi. Ermənilər respublikamızda görünməmiş faciələr törətdilər. Xarici havadarlarına söykənib torpaqlarımızı işğal etdilər. Günahsız dinc əhalini qırdılar, Xocalı soyqırımını törətdilər. 1990-cı ilin 20 Yanvar faciəsinə səbəb oldular. Kütləvi talanlar edib, xalqımızın milli mədəniyyət abidələrini uçurub dağıtdılar. Ən yaxşı sənət əsərlərimizi xarici ölkələrə aparıb öz adlarına çıxdılar. Ölkəmizin ayrı-ayrı müttəfiq respublikalarla iqtisadi əməkdaşlığı, ideoloji və mədəni əlaqələri zəiflədi. Azərbaycanın iqtisadi-siyasi həyatında sönüklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi anarxiya, talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi.

Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı. Yeni yaranan və "Dövlət teatrı" statusu alan Pantomim Teatrı, Bələdiyyə Teatrı, Yuğ Teatrı, Gənclər Teatrı, Miniatür Teatrı, Kamera Teatrlarına imkanlar yaradıldı. Sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi yolu ilə inkişaf yoluna düşdülər. Azərbaycanın Akademik Milli Dram Teatrında məzmunca yeni olan əsərlər səhnələşdirildi. "Tənha iydə ağacı", "Hökmdar və qızı", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Ağqoyunlular və qaraqoyunlular" və s. tamaşalar oynanıldı.

1996-cı ilin mayında teatr "Kral Lir" tamaşası ilə Moskvada ikinci Beynəlxalq Çexov Festivalında çıxış etdi. 1998-ci ilin noyabrında akademik teatr üçüncü dəfə Türkiyəyə qastrola səfər edib, repertuarına daxil olan əsərləri təqim etdi. 1998-ci ildə Azərbaycan teatrının 125 illik yubileyi münasibətilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Sərəncam imzaladı. Sənət adamları fəxri adlara layiq görüldülər. Teatr sənəti öz milli ənənələrinə sadiq olaraq inkişaf etməyə başladı.

Təməli Ulu Öndər tərəfindən qoyulan ənənə teatra, kinoya qayğı və diqqət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrümüzdə Azərbaycan mədəniyyət və incəsənətinin yeni dövrünü yaşayır və tarixə həkk edir. Belə ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır. Ölkə rəhbərinin bir-birinin ardınca imzaladığı sərəncamlar mədəniyyət və incəsənətimizin inkişaf etdirilməsinə yönəlmişdir.

Yeni yaranan və onilliklərlə tarixə malik olan teatrlar çağdaş dövrümüzdə yeni dövrünü yaşayır. Prezident İlham Əliyevin məlum sərəncamları əsasında, Milli Akademik Dram Teatrında, Musiqili Komediya Teatrında, Muğam Teatrında, Gənc Tamaşaçılar Teatrında və digər mədəniyyət ocaqlarında təmir işləri aparılıb və bu gün də bəzi müəssisələrdə bu işlər davam etdirilir. Bütün bunlar Azərbaycan peşəkar teatrının inkişafına istiqamətlənmiş və yaradıcı simaların rahat və müasir standartlara uyğun bir tərzdə fəaliyyətinə təkan verir.

Bütün bunlar milli mədəniyyətimizin daha geniş bir şəkildə təbliğinə və inkişafına meydan verir.

ZÜMRÜD

Digər xəbərlər