PDF Oxu

Mədəniyyət

  • 2 274

Valeri Meladze Bakının qonağı olacaq

Valeri Meladze Bakının qonağı olacaq

Noyabrın 19-da Heydər Əliyev Sarayında Rusiya Federasiyasının əməkdar artisti Valeri Meladzenin konserti olacaq. "İyirmi məhəbbət hekayəsi" adlı yeni konsertin proqramına müğənninin ən məşhur mahnıları və yeni kompozisiyaları daxildir. Geniş səs diapazonuna, qeyri-adi tembrə, özünəməxsus ifaçılıq qabiliyyətinə malik Valeri Meladze Rusiya estradasında ən populyar ifaçıların onluğuna daxil olan sənətçilərdəndir. Artıq iyirmi ilə yaxındır ki, səhnədə olan Valeri Meladzeni "Rusiya estradasının sonuncu romantiki" adlandırırlar.

Valeri Meladze öz üslub tərzi olan, dəbli qlamurun arxasınca qaçmayan az sayda sənətçilərdəndir. Onun ifa etdiyi bütün mahnıların müəllifi qardaşı, prodüseri, bəstəkar və müğənni Konstantin Meladzedir. İncə zövqü, musiqi duyumu, mükəmməl musiqi təhsili olan iki qardaşın yaratdıqları bütün mahnılar hitə çevrilmişdir. Valeri Meladzenin mahnıları heç vaxt köhnəlmir. Onun hələ 90-cı illərdə ifa etdiyi mahnılar bu gün də sevilir və həvəslə dinlənilir.

Səhnədə və həyatda romantik, temperamentli sənətçi obrazını yaradan və uzun illər boyu yaşadan Valeri Meladze hər yeni işi ilə sübut edir ki, qalmaqala, ucuz reklama, primitivliyə enmədən də auditoriyanın rəğbətini qazanmaq və reytinqin zirvəsində qalmaq olar. Onun yaradıcılığında stabilliklə yeniliyin vəhdəti vardır. Üslubuna, ifa tərzinə, prioritetlərinə sadiq qalan Valeri Meladze eksperimentlərdən, gözlənilməz addımlardan da çəkinmir. Ona görə də dedi-qodulara, qalmaqallara, sarı mətbuatın oyunlarına qoşulmayan, planları haqqında danışmağı sevməyən Valeri Meladzenin hər yeni mahnısı Rusiya estradasında hadisə kimi qəbul edilir və ictimaiyyətin böyük marağını qazanır.

Ümumilikdə, yeddi uğurlu albom, iyirmidən artıq klip, Rusiyada və xarici ölkələrdə keçirdiyi minlərlə konsert Valeri Meladzenin yaradıcılığına olan tamaşaçı sevgisinin miqyası haqqında təsəvvür yaratmağa imkan verir.

Valeri Meladze, demək olar ki, bütün milli musiqi mükafatlarını qazanmışdır. "Ən yaxşı ifaçı" və "Ən yaxşı duet" nominasiyaları üzrə MuzTV-nin mükafatı, "Ən yaxşı mahnı" nominasiyası üzrə MTV-nin "Rusiya musiqi mükafatı" kimi yüksək mükafatlara layiq görülmüşdür.

ZÜMRÜD

Digər xəbərlər