Hər il olduğu kimi bu yay da ABŞ, İngiltərə, Fransa, Çexiya, Polşa, İsrail və başqa ölkələrin gənc bəstəkarları müasir musiqinin tanınmış nümayəndələrindən olan Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti, professor Firəngiz Əlizadə ilə görüşmək, onun əsrarəngiz sənətindən bəhrələnmək üçün Berlinə üz tutmuşlar.
ABİ-də adları çəkilən ölkələrin gənc bəstəkarları professor Firəngiz Əlizadənin ustad dərslərində iştirak etmişlər. Məlumdur ki, əsərlərin təhlili diskussiya şəraitində aparılanda ustadın məsləhəti, qiymətli mülahizələri, həmçinin əsərdəki incə cizgilərin müzakirəsi onu daha da maraqlı edir və müəllifin sonrakı fəaliyyətinə də təsir göstərir.
Müzakirələr zamanı musiqisi Firəngiz Əlizadəyə məxsus, Amerika istehsalı olan 4 seriyalı "The War" ("Müharibə") bədii-sənədli filmindən də istifadə olunmuşdur. Mütəxəssislərin rəyinə görə, bu filmdə görkəmli bəstəkar Firəngiz Əlizadənin musiqisi filmin süjet xətti ilə dramatik harmoniya yaratmışdır.
Yay ərzində görkəmli bəstəkar təkcə ustad dərsləri ilə kifayətlənmir. Tanınmış musiqiçi Coel Saksın rəhbərlik etdiyi məşhur "Continuum" orkestri Braziliyanın müxtəlif şəhərlərində verdiyi konsertlərdə böyük müvəffəqiyyətlə Firəngiz Əlizadənin "Crossing - II" əsərini də ifa etmişdir. Coel Saks bütün konsertlərində azərbaycanlı bəstəkarın əsərlərindən istifadə edir, özünün də dediyi kimi, bu əsərlərin ifasından böyük məmnunluq duyur və onunla daim əməkdaşlıq etmək arzusunu dilə gətirir. ABŞ-ın tanınmış musiqişünaslarından biri, "The Guardian" qəzetində müasir musiqi haqqında yazdığı silsilə məqalələri ilə tanınan Aleks Rossun "The Rest is Noise" adlı yeni kitabı işıq üzü görmüşdür.
Məhsuldar əməyin nəticəsində meydana çıxan, fundamental tədqiqat əsəri olan bu kitabda müəllif XX əsr musiqisinin inkişafına böyük töhfələr vermiş A.Şönberq, A.Berq, C.Keyc, O.Messian, D.Şostakoviç və V.Lyutoslavski kimi dahi bəstəkarlarla yanaşı, Firəngiz Əlizadə haqqında da geniş bəhs olunur. Dünya şöhrətli bəstəkarımızın adının belə bir fundamental kitaba salınması Azərbaycan musiqi mədəniyyəti üçün böyük şərəfdir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...