4-9 sentyabr 2013-cü il tarixində XXVI Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. 1987-ci ildən başlayaraq hər il keçirilən Moskva Beynəlxalq Kitab Sərgisi dünyanın nüfuzlu sərgilərindən biridir. Burada müxtəlif ölkələrdən çox sayda nəşriyyat və kitab nəşri müəssisələri iştirak edir. Ölkəmizin ənənəvi olaraq hər il iştirak etdiyi bu sərgidə ötən il 18 kv.m.-lik stend icarəyə götürülmüş, Azərbaycanın dövlətçilik ənənələrini, mədəniyyətini, tarixini və turizm imkanlarını əks etdirən nəşr nümunələri nümayiş etdirilib. Qeyd edək ki, hər il sərgi Rusiya Federasiyası və eləcə də Moskva şəhərində yaşayan çoxsaylı həmvətənlərimizin böyük marağına səbəb olur. Ekspozisiyamızı ziyarət edən soydaşlarımız və digər xalqların nümayəndələri olduqca maraqlı və dinamik həyat yaşayan respublikamızın ən müxtəlif sahələrinə güzgü tutan çeşidli çap məhsulları ilə tanış olurlar.
Builki sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 90 illik yubileyi təntənəli şəkildə qeyd olunan Ümummilli Lider Heydər Əliyevə həsr olunan tədbirin keçirilməsi də nəzərdə tutulur. Eyni zamanda, sərgi çərçivəsində doqquzuncu Beynəlxalq "Kitab Sənəti" Müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarının mükafatlandırma mərasimi planlaşdırılır. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu və şöbənin məsləhətçisi Faiq Xudanlı təmsil edəcəklər.
ZÜMRÜD