PDF Oxu

Mədəniyyət

  • 1 545

Yeni mövsümə yeniliklərlə...

Yeni mövsümə yeniliklərlə...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni - 86-cı teatr mövsümünə start vermişdir. Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata istinadən, sentyabrın 21-də nümayiş etdiriləcək rus yazıçısı A.Tolstoyun eyniadlı əsəri əsasında hazırlanmış "Buratinonun macəraları" mövsümün ilk tamaşası olacaqdır. Beynəlxalq layihə əsasında ərsəyə gəlmiş tamaşanın quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir (Xorvatiya).

Tamaşa boyu şən və xoşbəxt gələcəyin bağlı qapısının oğurlanmış və sonra da itmiş qızıl açarını əldə etmək üçün Buratino və onun dostları min bir əziyyətlə və ağlasığmaz macəralarla rastlaşırlar. Təbii ki, sonda xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaz arzusu baş tutur. Buratino və onun sadiq dostları qızıl açarla möcüzəli qapını açır və arzu etdikləri teatra - sehirli aləmə qədəm qoyurlar...

Həmin gün saat 19.00-da İsveç dramaturqu Lars Norenin eyniadlı pyesi əsasında səhnələşdirilmiş "Müharibə" tamaşası göstəriləcəkdir. Qeyd edim ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur.

16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə ehtiva etdirir...

Açılışdan sonra teatrın kollektivi mövsümün ilk qastrol səfərini həyata keçirməyi nəzərdə tutur. Belə ki, qarşılıqlı mədəni əməkdaşlığa dair sazişə əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2013-cü ilin sentyabr ayının 30-dan oktyabr ayının 2-ə dək Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında, oktyabr ayının 3-dən 6-dək Kalmıkiya Respublikası Milli Dram Teatrında R.Rzanın "Ana qaz", L.Nurenin "Müharibə" və P.Züskindin "Kontrabas" tamaşaları ilə çıxış edəcəkdir.

Hazırda teatrda cari repertuarda olan tamaşaların məşq prosesi gedir.

ZÜMRÜD

Digər xəbərlər